Sürücünü təpikləyən polislərlə bağlı araşdırma başlanıldı - VİDEO

ÖLKƏ
11:20 / 22.06.2020
1866

Daxili İşlər Nazirliyi Masallı rayonunda traktor sürücüsünün saxlanılarkən döyülməsi hadisəsi ilə bağlı xidməti araşdırmalar aparır.

HİT.Az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sürücü idarə etdiyi traktorla təhlükəli hərəkətlər edərək polisə müqavimət göstərdiyi üçün cəzalandırılıb:

“Hadisə iyunun 19-da Masallı şəhəri ərazisində baş verib. Günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən sürücüyə saxlama işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək qaçmağa cəhd edib.

Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.

Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində həmin polis əməkdaşları da ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar. 

BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, faktla bağlı artıq aidiyyəti xidmət tərəfindən araşdırmalara başlanılıb”.

 

0