“Düşmən çox narahatdır” - Ehtiyatda olan zabit

ÖLKƏ
13:37 / 22.06.2020
1729

“Müdafiə Nazirliyinin rəhbər heyətinin tez-tez cəbhə bölgəsinə getməsi şəxsi heyətdə ruh yüksəkliyi yaradır”.

Bunu Hit.Az-a açıqlamasında ehtiyatda olan zabit Əfqan Əliyev deyib.

O bildirib ki, belə səfərlərin olması yalnız şəxsi heyətə müsbət təsir göstərmir, eyni zamanda düşmən tərəfi də bundan narahat olur:

“Belə görüşləri yüksək qiymətləndirirəm. Şəxsi heyət təlimlərlə döyüş qabiliyyətini artırır. Hərbçilər Müdafiə Nazirliyinin rəhbər heyətinin hərbi hissələrə, o cümlədən ön xəttə səfərlərini özlərinə olan diqqət kimi qəbul edirlər. Bu da döyüş ruhunu artırır. Təbii ki, düşmən tərəfi də bundan narahat olur. Onlar anlayırlar ki, Azərbaycan Ordusu yeni hərbi hissələr tikir, maddi-texniki təchizatını gücləndirir, strukturunu müasir normalara uyğun formada yenidən qurur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən növbəti yeni hərbi hissənin açılışında iştirak ediblər.

Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb.
Binada konfrans zalı, arxiv və digər xidməti iş otaqları istifadəyə verilib, onlar lazımi mebel və avadanlıqlarla təchiz edilib.

Bildirilib ki, ərazidə zabitlər və əsgərlər üçün yataqxana binaları inşa olunub, mebel və inventarlarla təmin edilib. Yataqxana binaları iş, məişət, silah, eləcə də digər xidməti otaqlardan ibarətdir.

Hərbi hissənin ərazisində qarovul xidmətinin təşkili məqsədilə qarovul şəhərciyi və qarovul evi də inşa edilib.

0