Özəl klinikalarda koronavirus testi niyə bahadır? - TƏBİB-dən açıqlama

ÖLKƏ
09:28 / 24.06.2020
1517

Son günlər ölkəmizdə COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Yaranmış vəziyyət vətəndaşları ciddi şəkildə narahat edir və bir çoxları özündə virusun hər hansı simptomunu hiss etməsə də, koronavirus testindən keçmək istəyir. Lakin insanlar arasında koronavirus testinin qiymətinin baha olması ilə bağlı şikayət edənlər də var.

Məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, özəl klinikalar testlərin qiymətini özləri müəyyənləşdirir. Onun sözlərinə görə, TƏBİB qiymətlərlə bağlı həmin klinikalara heç bir təklif verməyib.

“Koronavirus testlərinin aparıldığı özəl klinikalarda qiymətlər həmin klinikalar tərəfindən təyin olunur. Çünki özəl laboratoriyalar istədiyi qiyməti müəyyən edə bilər".

TƏBİB-in koronavirus testinin qiymətinin endirilməsi ilə bağlı özəl klinikalara hər hansı tövsiyə verib-verməyəcəyinə gəlincə isə, R. Əliyeva bu məsələnin hələ ki müzakirə olunmadığını qeyd edib.

Qeyd edək ki, testlər "İnci" laboratoriyası, "Referans" klinikası və "Memorial Klinik"də aparılır. Həmin kilinikaların laboratoriyalarına TƏBİB tərəfindən xüsusi aparatlar quraşdırılıb. Virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Bu klinikalarda test qanvermə üsulu ilə aparılırsa 40-110 manat, yaxma ilə aparılırsa 100-130 manata başa gəlir.

0