Vətənə xəyanətdə ittiham edilən ilahiyyatçının həbs müddəti uzadıldı

ÖLKƏ
15:22 / 24.06.2020
1330

Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev hakim qarşısına çıxarılıb.

HİT.Az Musavat.com-a istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən İlham Əliyev və onunla birlikdə həbs edilən Mehman Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

Qeyd edək ki, İlham Əliyev bu ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Mehman Rzayevə eyni maddə ilə ittiham olunur. 

Məlumat üçün bildirək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram İrana cəsusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb.

Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.

0