KİV-də hansı sözlərə cərimə yazılacaq?

ÖLKƏ
20:58 / 25.06.2020
1117

Kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimə mexanizmi müəyyənləşib.

Qanunda əks olunan cərimə dünəndən qüvvədədir. Bu səlahiyyət sahibi olan Milli Televiziya və Radio Şurası (MTRŞ), eləcə də Mətbuat Şurası KİV-ə, eləcə də reklam daşıyıcılarına nəzarət mexanizmini işə salıb. KİV-də ədəbi dili pozan hər hansı quruma protokol tərtib edilərək cərimə tətbiq olunacaq.

Son illər dilimizə xeyli sayda yabanı, əcnəbi ifadələr keçib ki, kütləvi informasiya vasitələrində də çox istifadə olunur. Bəzən mətbuatda Türkiyə türkcəsi, rus və ya fars ifadələrindən istifadə olunur. Amma KİV-ə konkret olaraq hansı ifadələrin ədəbi dil normalarına əks olunduğuna dair kataloq təqdim olunmayıb.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Cebhe.info-ya açıqlamasında dil normalarını pozan konkret kataloqun olmadığını bildirib:

“Əslində yeni orfoqrafiya lüğəti hazırlanıb ki, KİV bu lüğətə əsaslana bilər. Yeni orfoqrafiya lüğətinin köhnədən fərqi odur ki, burada yeni 4000 ifadə var. Lüğət pandemiyadan əvvəl nəşriyyata təqdim olunmuşdu və bildirilmişdi ki, 15 günə tamamlanıb istifadəyə veriləcək. Amma məlum pandemiya ilə bağlı fəaliyyətlər dayandığından, bu prosesdə də ləngimə oldu və lüğət tamamlanmadı”.

Akademik əsasən orfoqrafik və orfoepik normaların pozulmasına görə cərimənin tətbiq ediləcəyini deyib:

“Orfoepik norma KİV-ə aid deyil. Orfoqrafik normanın pozulması isə sözlərin düzgün yazılışıdır ki, buna əməl olunmalıdır. Əsas odur ki, sözlər düzgün yazılsın. Əgər hər hansı sözün qarşılığı dilimizdə varsa, ondan istifadə etmək dil pozuntusudur. Əgər qarşılığı yoxdursa, bu hal təbiidir. Məsələn, “pandemiya”, “koronavirus” sözlərinin qarşılığı yoxdur. Onların istifadəsinə görə cərimə tətbiq oluna bilməz. Məsələn, “soyuducu” əvəzinə “xolodelnik”, “dayanacaq” əvəzinə “ostanovka” işlətmək düzgün deyil. Bunlara qarşı cərimə tətbiqi olacaq. Əgər dilimizə yeni sözlər, məsələn “sayt”, “internet”, “COVİD” daxil olubsa, onlara necə cərimə tətbiq oluna bilər? Onu da deyim ki, hələlik leksik və qrammatik normanın pozulmasına görə cərimənin tətbiqi qəbul olunmayıb. Çünki bunu tənzimləmək çətindir”.

 

1