Ali Baş Komandan hərbi hissənin açılışında: Hərbi bazalarımız faktiki olaraq yenidən qurulur

ÖLKƏ
22:18 / 25.06.2020
1171

"Mən sizi və ordumuzun bütün şəxsi heyətini qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Bayram günü ərəfəsində yeni hərbi hissənin açılışını qeyd edirik. Mən vəziyyətlə tanış oldum, əvvəlki vəziyyət haqqında da mənə məruzə edildi. Əlbəttə ki, yeni tikilmiş hərbi hissə bütün yüksək standartlara cavab verir".

HİT.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: 

"Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var. Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Hesab edirəm ki, maksimum il yarım–iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcəkdir. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda, imkan verir ki, istənilən vəzifə icra edilsin. Bir də ki, bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Bu, təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir".

"Onu da bildirməliyəm ki, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilibdir. Mən bu yaxınlarda göstəriş verdim ki, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Mənə verilən son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq. Hesab edirəm ki, bu da dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir insanın həyatında mənzil problemi çox önəmli məsələdir, biz onu da həll edirik. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu da təbiidir", - deyə, Prezident İlham Əliyev vurğulayıb. 

Dövlət başçısı, həmçinin qeyd edib: "Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq".

Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq:

"Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

0