Qorunmaq üçün nə qədər məsafə olmalıdır

ÖLKƏ
13:35 / 28.06.2020
1014

Koronavirus pandemiyası dönəmində ən çox diqqətçəkən məqamlardan biri də sosial məsafədir. Ən sadə formada yaxınlıqda bir virus daşıyıcısı varsa, yoluxma riski artır. ÜST isə sosial məsafəni ən azı bir metr olaraq tövsiyə edir. Sosial məsafəni bir metr təyin edən ölkələrin əksəriyyətində insanlara maska taxmaq məcburidir.

Araşdırmalara görə, yoluxma riskini azaltmaq üçün görülən tədbirlər arasında ən təsirli olanı 1 metr məsafə saxlamaqqdır. 1 metrə qədər olan məsafədə orta yoluxma sürəti 13 faiz, 1 metrdən artıq məsafədə isə 3 faizə düşür. Yoluxma faizləri 2 metrdə 1,5 faiz, 3 metrdə isə 0,75 faizdir.

Bu sahədə ilk araşdırma 1930-cu illərə aiddir. Elm adamları öskürək və ya asqırma ilə ağızdan çıxan damlaların havada dərhal buxarlandıqlarını və ya yerə düşdükləri qənaətinə gəliblər. Bu damcıların 1-2 metr aralığındakı əraziyə düşdüyü aydın olub. Buna görə virusa yoluxma riskini artıracaq ən böyük amillərdən biri kiminsə öskürməsi və ya asqırmasıdır.

Çindəki xəstəxanalarda koronavirus zərrəciklərini aşkar edən bir araşdırmada, təhlükəsiz məsafənin 4 metr olaraq tövsiyə edildiyi bildirilir. Digər tərəfdən ABŞ-ın Yoluxmaya Nəzarət Mərkəzi bildirib ki, virusun yayılmasına tüstü, duman və sprey kimi aerozolların təsiri hələ aydın deyil.

Məsafədən əlavə, sərf olunan vaxt da çox vacibdir. Alimlər qeyd edirlər ki, 1 metr məsafədə kiminləsə 6 saniyəlik danışıq 2 metr məsafədə 1 dəqiqədə danışmağa bərabərdir. Öskürək riski daha da artırır. Kimsə sizin yanınızdan 2 metr məsafədə öskürürsə, bu, 2 metr məsafədə 30 dəqiqəlik danışıq təhlükəsinə bərabərdir.

 

0
Xalqqazeti.com