Rasif Bağırov: “Sanki insanlar qayda-qanunu pozmaq uğrunda yarışa giriblər”
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusa yoluxma sayının qarşısını almaq üçün ardıcıl iki həftəsonu sərt karantin rejimi (evə qapanma) tətbiq etmişdi. Lakin bu tədbir nəticəsiz qaldı və TƏBİB evə qapanma təcrübəsinin səmərə vermədiyini etiraf etdi.
İndi isə Operativ Qərargahın qərarına əsasən, iyunun 21-dən iyulun 5-nə qədər 14 günlük sərt karantin rejiminə start verilib. İctimai iaşə obyektləri bağlanıb, qapalı məkanların fəaliyyəti dayandırılıb, bəzi özəl və dövlət qurumları isə qruplara bölünərək fəaliyyətlərini davam etdirirlər. Vətəndaşların evdən çölə çıxması əvvəlki karantin rejimində olduğu kimi, SMS icazə üsulu ilə baş tutur. Beləliklə, ölkədə COVID-19-a yoluxma halları günbəgün artır. Bəs niyə müsbət nəticə ala bilmirik? Bunun cavabı sadədir. İnsanlar ən primitiv qaydalara riayət etmək istəmirlər. Sosial məsafə saxlamırlar və tibbi maska taxmırlar.
Bununla yanaşı, insanlar hələ də koronavirusa inanmırlar. Onlar yenə də yas mərasimlərində iştirak edirlər. Kiminsə koronavirusa yoluxduğunu eşidən zaman insanlar xəstə şəxsi evdə ziyarət etməyə gedirlər. Həmçinin, xəstəliyə yoluxan şəxs özünü təcrid etmir.
Bu günlərdə bir qadın sosial şəbəkədə koronavirusa yoluxduğunu etiraf etdi. Həmin şəxs öz səhifəsində yazdı ki, sağalması üçün aptekə dərman almağa gedib. Ardından isə marketdən meyvə alıb. Virusa yoluxan şəxs öz sağlamlığına qovuşması üçün aptekdən dərman alsa da, olduğu məkanlarda olan insanları virusa yoluxdurub. Həmin şəxs həm aptekdə olanları, eyni zamanda, marketdə çalışanları da virusa yoluxdurub. Beləliklə, virusa yoluxanların sayı sürətlə artır. Virusa yoluxan şəxslər öz məsuliyyətlərini dərk edib özlərini təcrid etsələr, koronavirusun qurbanlarının sayı azalar. Unutmaq lazım deyil ki, qaydalara qarşı ən kiçik laqeyd münasibət yeni yoluxma hallarının artmasına səbəb olur.
“İnsanlar sosial izolyasiya qaydalarına əməl etməsələr, karantin qaydaları daha da sərtləşdirilməlidir”
Həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, elan olunan bu ikihəftəlik karantin yoluxma əmsalına qətiyyən təsir etmir və etməyəcək: “Evdə oturan yoxdur. Mən səhər evdən gələndə yolda adam əlindən tərpənmək mümkin deyildi. Bunun nəyi karantindir? Hərə iki nömrə alır, bütün günü SMS-lə küçədə gəzir. Bu sərt karantin ancaq salonlara aiddir. Salon işçiləri niyə evdə oturmalıdırlar? Bu ikihəftəlik karantin yoluxma əmsalına qətiyyən təsir etməyəcək. Əvvəla yoluxma əmsalı olduqca böyükdür. Niyə? Çünki insanlar deyilən şərtlərə əməl etmir, maska taxmır, məsafə gözləmirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ikigünlük sərt karantin rejimindən bir gün əvvəl hamı dənizdə idi, çörək üstündə isə dava düşmüşdü, ona görə də, təbii ki, heç bir nəticə olmayacaqdı: “İki günlə nə nəticə əldə etmək olar ki? Əgər ondan əvvəlki günlərdə də qaydalara riayət olunsaydı, nəsə əldə etmək olardı. Yəni nə qədər olar ki, dövlət karantin tətbiq etsin, əhali riayət etməsin? Sanki insanlar qayda-qanunu pozmaq uğrunda yarışa giriblər. Hazırda karantin rejimindəyik, mağazalar, ticarət mərkəzləri bağlıdır. Əhali yenə də parklardadır, binaların həyətində uşaqlar və böyüklər maskasız gəzir, sanitar qaydalara riayət etmirlər. İctimai nəqliyyat vasitələrində sıxlıqdır və insanlar maska taxmırlar. İlk növbədə, insanlarda inam olmalıdır ki, qaydalara da əməl edilsin”.
Həkimin sözlərinə görə, artıq bəzi ölkələrdə yoluxma sayı azalır. Elə qonşu Gürcüstan bunun öhdəsindən uğurla gəldi: “Həmin ölkədə yoluxma sayının azalmasının əsas səbəbi insanların deyilən qaydaya əməl etməsidir. İnsanar çölə çıxmadılar, çıxanda da sosial məsafəni gözlədilər. Virusun mənbəyi olan və dünyada ən böyük əhaliyə sahib Çin belə, virusa qalib gəldi. Çünki onlar qoyulan qaydalara əməl etdilər. Amma bizdə həftəsonu sərt karantin olan kimi əhali bütün qaydaları pozdu”.
R.Bağırov hesab edir ki, insanlar sosial izolyasiya qaydalarına əməl etməsələr, karantin qaydaları daha da sərtləşdirilməlidir. Maska taxmamağa görə cərimənin məbləği artırılıb: “Hesab edirəm ki, sosial məsafə saxlamayanlar, eləcə də maska taxmayanlara qarşı cərimə məbləği daha da artırılmalıdır”.