Virusdan ölən hakimlər tanınmışlardan kimə hökm oxuyub?

ÖLKƏ
10:55 / 01.07.2020
1209

Son 15 gündə Azərbaycanda 4 məhkəmə hakimi dünyasını dəyişib. Bakı Apelyasiya Məhkəməsinin hakimləri Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov iyunun 26-da, hakim Müseyib Hüseynov iyunun 28-də vəfat edib. Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Azər Hüseynov iyunun 25-də dünyasını dəyişiblər. İlkin məlumatlara görə, hakimlərdən 3-ü COVİD-19-un qurbanı olub.

Əflatun Qasımov, Namiq Məmmədov və Azər Hüseynovun COVID-19-a yoluxaraq dünyalarını dəyişdikləri bilinir. Məlumatına görə, 55 yaşlı Namiq Məmmədov müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.

Dünyasını dəyişən hakimlərdən əsasən Əflatun Qasımov tanınan şəxslərin işləri üzrə tərkiblərdə yer alırdı.

Namiq Məmmədov Şirvan Məhkəməsindən 1 il əvvəl Bakı Apelyasiya Məhkəməsinə keçirilmişdi və bu müddətdə elə də yaddaqalan proseslərdə hakimlik etməmişdi. Müseyib Hüseynov mülki kollegiyada olduğundan onun da ictimaiyyətin diqqət mərkəzinə düşə biləcək proseslərə sədrliyi olmayıb. Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasında cəmiyyətdə tanınan ictimai-siyasi baxımdan fəal şəxslərin işləri üzrə proseslər demək olar ki, baş tutmur. Bu baxımdan Azər Hüseynov da tanınan simaların məhkəmələrində hakimlik etməyib.

Bakı Apelyasiya Məhkəməsində isə əksinə, siyasi baxımdan fəal şəxslərin işləri üzrə proseslər bir-birini əvəzləyir. Əflatun Qasımovun adı da jurnalistlər Pərviz Həşimli, Seymur Həzinin, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı, Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birlyinin rəhbəri Elnur Məmmədovun, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun, Qiyas İbrahimovun, onun atası Həsən İbrahimovun, Bayram Məmmədovun, Məmməd İbrahimin və bu kimi işlərdə keçirdi.

0
Musavat.com