Əfqan Sadıqovun həbs səbəbi açıqlandı

ÖLKƏ
18:01 / 14.05.2020
1188

Ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində milli mətbuatımızın inkişafı, azad söz və media mühitinin formalaşdırılması, kütləvi informasiya azadlığının, eləcə də müstəqil jurnalistikanın miqyas və keyfiyyət göstəricilərinin artırılması istiqamətində mühüm irəliləyişlərə müvəffəq olunmuşdur.

Bununla yanaşı, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən kütləvi informasiya azadlığı və jurnalist hüquqlarından sui-istifadə edilərək ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması kimi hallara rast gəlinməkdədir.

Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.

Belə ki, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə cari il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunmuşdur.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2020-ci il tarixdə cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanmış və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülmüşdür.

Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf etmiş, bundan başqa onların törətdikləri cinayət əməllərinə dair əməliyyat-texniki tədbirlər nəticəsində sübutlar əldə edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Ə.Sadıqov barəsində məhkəmənin qərarı ilə həbs, S.Muradov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

0
Report.az