Polislər həyatlarını infeksiyaya yoluxma risqi altına qoyur - Vilayət Eyvazov

10:21 / 02.07.2020
1728

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2 İyul – Polis günü ilə bağlı “Azərbaycan” qəzetinə verdiyi müsahibədə pandemiya dövründə polisin necə fəaliyyət göstərdiyini qiymətləndirib.

HİT.Az-ın xəbərinə görə, V.Eyvazov bildirib ki, sözügedən sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir: “Bu müddətdə polisin işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Çünki həmişə olduğu kimi, bu dövrdəki fəaliyyətimiz də sizlərin gözü önündə, geniş ictimai nəzarət altında həyata keçib. Sözsüz ki, xidmətimizdə müəyyən nöqsanlar var və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görürük. Ümumilikdə isə cənab Prezident Daxili İşlər Nazirliyinin, onun təşkilati strukturlarından olan polisin və Daxili Qoşunların fəaliyyətini yüksək qiymətləndirir ki, bu da bizim üçün ən böyük mükafatdır. 

Nazirliyə vətəndaşlar tərəfindən göndərilən çoxsaylı məktublar, teleqramlar, eləcə də elektron ünvanımıza daxil olan mesajlar, xüsusən ölkə KİV-inin sağlam mövqeyi həyata keçirdiyimiz tədbirlərin razılıqla qarşılandığını sübut edir. Bu ədalətli, obyektiv münasibətə və məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəklədiklərinə görə Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti adından ölkə ictimaiyyətinə, media mənsublarına təşəkkürümüzü bildiririk.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini tənzimləyən qaydalara riayət olunmasına ölkə boyu nəzarətin həyata keçirilməsinə bütün şəxsi heyətimiz səfərbər olunub. Daxili işlər orqanlarının əməkdaşları, sıravisindən ali rəis heyətinədək hər biri mart ayından etibarən gücləndirilmiş iş variantında və bundan irəli gələn gərgin iş rejimində çalışır. Açıq deyək, həyatlarını bəzən infeksiyaya yoluxma risqi altına qoyur, paytaxtda və bölgələrdə, o cümlədən müvəqqəti postlarda məlum qaydaların təmini və qarşıya qoyulmuş xidməti tapşırıqların icrası üçün yorulmadan səy göstərirlər.
Digər tərəfdən, bildiyiniz kimi, hərəkət məhdudiyyətlərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu halların müəyyənləşməsi üçün yol-patrul, post-patrul xidmətlərinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları davamlı tədbirlər görürlər. Paytaxtda və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan digər inzibati ərazilərdə əhalinin sıx olduğu yerlər tam nəzarətə götürülüb.

Lakin xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar”.

0