Bu gün 102 yaşını qeyt etdiyimiz Azərbaycan polisindən danışarkən dövlətimizin bu mühüm güc institutunun yaradılmasında böyük rol oynamış şəxsiyyətlərimizi və xidmətlərini də mütləq yada salmalıyıq.
Belə parlaq şəxsiyyətlərdən biri bu il anadan olmasının 155-ci ildönümünü qeyd etdiyimiz Məhəmməd Sadıq bəy Ağabəyzadədir.
Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmış general-mayor M.S.Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılması və inkişafında böyük xidmətləri vardır. Onun gərgin əməyi nəticəsində Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza - "Polis idarələrinin təşkili haqqında”, "Polis departamenti haqqında”, "Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlanıb. Həmçinin general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılıb.
1865-ci ildə Göycayda anadan olan Məmməd Sadıq bəy Ağabəyzadə orta təhsilini Bakıda realnı məktəbdə alıb. 1882-ci ildə realnı məktəbi bitirən M.S.Ağabəyzadə, sonradan təhsilini Peterburq Hərbi-Piyada və Artilleriya məktəbində davam etdirir. Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri üzrə kursunu qiyabi oxuyaraq və 1886-ci ildə bu məktəbini bitirən Sadıq bəy Ağabəyzadə həmin ildə Mixaylovski artileriyya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil olur.
Elmə, biliyə, savadlanmağa böyük marağı olan M.S.Ağabəyzadə aldığı təhsillərlə kifayətlənməyərək, biliyini daha da təkmilləşdirmək üçün təcrübə keçməyin vacib olduğunu anlayır. O, bir zabit kimi xidməti fəaliyyətə başalamağı məqsədəuyğun sayaraq, əvvəl Rusiya ordusunun Qafqazdakı artilleriya bölmələrində, sonra isə Türkistan və Zakaspi vilayətinin hərbi hissələrində xidmət etməyə başlayır.
Podporuçik rütbəsi alan S.Ağabəyzadə 1899-1913-cü illərdə Türkistan (Türkmənistan) diyarının Aşqabad qarnizonunda hərbi xidmət göstərmişdir. S.Ağabəyzadə Sankt Peterburqda Şərq dilləri İnstitutunu bitirir. Hər tərəfli biliyə, intellektual səviyyəyə və təhsilə malik olan Məhəmməd Sadıq bəy Ağabəyzadə sonralar Şərq dillərindən dərs də deyir. Yəni, fars, ərəb, türk dilləri (müasir və qədim osmanlı dilləri), ərəb qrammatikası, islamşünaslıq üzrə fənlərdən, müsəlman paleqrafiyası və epiqrafiyası fənlərini də tədris etmişdir.
Ağabəyzadə "Türkmenskiy dialekt” kitabının müəllifi olub. Bu kitaba görə Buxara əmiri onu xüsusi mükafatla təltif edibdir.
1913-cü ildə M.S.Ağabəyzadəyə general-mayor rütvəsi verilir. General- mayor rutbəsini alan Sadıq bəy təqaüdə çıxaraq Göyçaya valideynlərinin yanına gəlir və orada yaşamağa başlayır. O, bir müddət Göyçayda yaşadıqdan sonra orada məktəb açmaq fikrinə düşür. Hazırlıq ərəfəsində qəflətən rus-alman müharibəsinin başlanması Sadıq bəyin arzusunu yarımçıq qoyur. Sadıq bəy 1914-cü ildə təkrar orduya çağrılır.
Sadıq bəy Ağağbəyzadə hərbi andına sadiq qalaraq müharibəyə gedir və Qafqaz döyüşlərində iştirak edir. 1916-ci ildə Ukrayna cəbhəsinə yollanan Sadıq bəy bu müharibə bitdikdən sonra doğma eli Göyçaya qayıdır.
Dörd il ordu da xidmət etdikdən sonra 1918-ci ildə yenidən Göyçaya qayıdan Sadıq bəy təqaüddə olduğu illərini valideynlərinin yanında keçirmək istəyir.
AXC GENERALI
1918-ci il may ayının 28-də müsəlman şərqində ilk parlamentli respublika- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını Məhəmməd Sadıq bəy Ağabəyzadə sevinclə qarşıladı.
F. Xoyskinin rəhbərlik etdiyi milli hökumət general M.S.Ağabəyzadəni Bakıya dəvət etdi və 1918-ci il 23 oktyabr tarixli qərarla Məhəmməd Sadıq bəy Ağabəyzadə AXC-nin daxili işlər nazirinin müavini vəzifəsinə təyin olundu.
Daxili işlər nazirinin müavini vəzifəsində M.S.Ağabəyzadə 1919-cu il dekabr ayının sonuna kimi işlədi. Onun müavinliyi dövründə daxili işlər naziri vəzifəsində 3 nazir çalışdı: Behbud xan Cavanşir (17 avqust 1918 - 25 dekabr 1918), Xəlil bəy Xasməmmədov (26 dekabr 1918-14 mart 1919), Nəsib bəy Yusifbəyli (14 mart 1919 - 22 dekabr 1919). Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası olduğundan hər üç nazir siyasi fəaliyyətə daha çox vaxt ayırırdı. Belə şəraitdə Daxili işlər Nazirliyinin təşkili və idarə-çiliyi ilə bağlı bir cox işlər, habelə məsuliyyət yükü müavinin üzərinə düşürdü.
General-mayor M. S. Ağabəyzadə Azərbaycan milli müstəqil polisinin təşəkkülü və inkişafında, polis sisteminin hüquqi bazasının hazırlanmasında yorulmadan xidmət göstərdi, Azərbaycan Cümhuriyyəti polisində islahatlar konsepsiyasını hazırladı.
M.S.Ağabəyzadənin gərgin əməyi ilə "Polis idarələrinin təşkili haqqında”, "Polis departamenti haqqında”, "Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlandı və fəaliyyət üçün qəbul edildi.
General-mayor M. S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda İçərişəhərdə polis məmurları hazırlayan (qorodovoy) məktəb açıldı.
Nazir müavini işlədiyi vaxtda Məhəmməd Sadıq bəy daxili işlər orqanlarının təşkil edilməsində böyük fəallıq göstərdi, ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak etdi.
1919-cu ildə Azərbaycanda polislərin ümumi sayı 9661 nəfərə çatırdı. General-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə yüksək səviyyəli şəxsiyyət, cəsarətli, ağıllı, qətiyyətli və son dərəcə təvazökar bir insan olub.
1920-ci il yanvar ayının 23-də Məhəmməd Sadıq bəy Ağabəyzadə təqaüdə çıxdı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan az əvvəl 1920-ci ilin aprelində M.S. Ağabəyov Batuma getmişdi. Məqsədi müalicə üçün Almaniyaya yollanmaq idi. Vətəndə qalsaydı, onu Həmid Qaytabaşı, Həbib bəy Səlimov, Tətlan bəy Əliyarbəyov və başqa Azərbaycan generallarının acı taleyi gözləyirdi.
Artıq may ayının ortalarında qardaşları Rəhim bəy, Həzrət bəy Ağabəyovlar, habelə qardaşı oğlu Hüseyn bəy Ağabəyov "nazir müavinini gizlətmək”, xaricə qacırmaq adı ilə həbs edilmişdilər. Əmlakları da müsadirə olunmuşdu.
AĞIR MÜHACİRƏT HƏYATI
Məhəmməd Sadıq bəy Ağabəyzadə 1920-ci ilin aprel ayında İstanbula- əmisi oğlu Əli bəy Hüseynzadənin yanına getdi. Əli bəy Hüseynzadə-zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli tövsiyələr verən görkəmli ictimai xadim. Həmin vaxt Əli bəy Hüseynzadə həm də İstanbul Tibb Akademiyasının professoru idi.
Əli bəy əmisi oğlunu təkcə ən yaxın əqidə dostu, general kimi deyil, həm də yaxşı şərqşünas, mehriban bir insan kimi tanıyır və sevirdi. Əli bəyin Hüseynzadənin ailəsində Məhəmməd Sadıq bəyin ayrı hörməti var idi. Əli bəyin uşaqları Məhəmməd Sadıq bəyə "baba” (ata) deyərdilər (3,58). Məhəmməd Sadıq bəy də onları öz balası kimi sevirdi (Məhəmməd Sadıq bəyin övladı olmamışdı). Amma həmin dövrdə Türkiyədə də siyasi vəziyyət pis idi, yunan-larla müharibə yekunlaşmamışdı. İş tapmaq çətin idi. Daşnakların özbaşınalığı səngimirdi. Sui-qəsdlər artmışdı. Behbud xan Cavanşir (AXC-da daxili işlər naziri -17 avqust 1918 - 25 dekabr 1918) də daşnak gülləsinin qurbanı oldu. M.S. Ağabəyzadə doğma torpağa Azərbaycana qayıda bilməzdi. Sovet Azərbaycanında onu nələrin gözlədiyini yaxşı bilirdi.
Məhəmməd Sadıq bəy Ağabəyzadə pasportunu dəyişdi, İran pasportu aldı. (Türkiyə pasportu ilə Yunanıstandan keçib Avropaya getmək çətin idi).
M.S.Ağabəyzadə İstanbulu tərk etdi, Parisə gəldi. Əvvəlcə Parisdə, sonra Fransanın cənubunda Nissada yaşadı. Uzun müddət işsiz qaldı.
Vətəndən uzaqda qürbət eldə yaşasa da, ürəyi daim Azərbaycana məhəbbətlə çırpındı, mənsub olduğu milləti sevdi. M.S.Ağabəyzadənin əmisi oğlu Əli bəy Hüseynzadəyə yazdığı məktublardan sətirlər:
" ...Buradakı (Fransa nəzərdə tutulur) qəzetlərin Bakıda aclıq və soyuqlar haqqında verdikləri xəbərlər məni çox narahat edir. Görəsən, bu xəbərlər doğrudurmu? Xahiş edirəm gəlib-gedənlərdən bunu dəqiq öyrən və mənə xəbər et!... Səni sevən Sadiq.”
"21 fevral 1922-ci il. ... Çox xahiş edirəm onlara (qardaşları nəzərdə tutulur) mənim haqqımda məlumat verməyə çalış. Onlara xəbər ver ki, onlar üçün burnumun ucu göynəyir, hər gün allaha dua edirəm ki, heç olmasa ölüm ayağında onları görə biləydim...”
"... Uzun müddət susmağımın səbəbi, son zamanlar doğmalarım və dostlarım üçün həsrət çəkməyimdir. Mən xüsusi olaraq indi daha çox özümdə əsəb xəstəliyini hiss edirəm. Mən bu xəstəliyin səbəbini enerjimin tükənməsində və doğmalarımdan uzun müddət ayrı düşməyimin xiffətində görürəm. Mən hər gün xəyalən oturub səninlə (Əli bəy Hüseynzadəni nəzərdə tutur) söhbət edirəm...”
"...Özüm istəmədən vətəni tərk etmək məcburiyyəti ürək həyəcanlarımı artırır və ağrıdır. Allah bilir bu vəziyyət nə qədər uzanacaq. ... İşsiz oturursan, ona görə yox ki, işləmək istəmirsən, ona görə ki, heç bir iş tapmaq imkanın yoxdur. Yaşamağın, maddi imkanların isə tədricən əriyir; sonu nə olacaq məlum deyil...” (3, səh.64,68).
Məhəmməd Sadıq bəy mühacirətdə olan zaman İstanbula əmisi oğlu Əli bəy Hüseynzadəyə 50-dən artıq məktub göndərib. Məktublardan məlum olur ki, Məhəmməd Sadıq bəyin Fransada ağrılı, acılı günləri çox olub. Fransada ən çox görüşdüyü, məsləhətləşdiyi adam Əlimərdan bəy Topçubaşov idi. Məmməd Əmin Rəsulzadənin Fransaya M.S.Ağabəyzadəyə göndərdiyi "Azərbaycan tarixi” kitabı ( kitaba ön sözü Əli bəy Hüseynzadə yazıb) isə Məhəmməd Sadıq bəyin ən çox sevdiyi kitabdır.
1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov universitetinə Şərq dilləri fakultəsinə professor kimi dəvər edilir. Lvov şəhərinə köcən M.S.Ağabəyzadə Lvov universitetində 17 il işləyir. O, əvvəl Lvov universitetində fəlsəfə fakultəsində işləyir, az sonra isə Lvov ali ticarət məktəbində türk, fars və ərəb dillərindən dərs deyir və eyni zamanda da polyak və ukrayna dillərini öyrənir. Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqjevski, V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə yaxından iştirak edibdir. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır. Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidməti olub.
Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qramatikasını(fonetika və morfologiya) dərsliyini nəşr etdirmişdi.
Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə Böyük Vətən Müharibəsi zamanında alman-faşist işğalçıları tərəfindən sıxışdırılir. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan zirzəmi tipli evdə yerləşdirirlər. Yaşının ahıl çağında soyuqlayan Sadıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman işğalçılarından azad edildikdən sonra o, gözlərini əbədi olaraq həyata yumur.
Sadıq bəy Ağazadənin həyat yolu keşməkeşli, əzablı olub. Sevdiyi xanımını gənc ikən itirən, övladı olmayan, ömrünü elmə, əməli fəaliyyətə bağlayan bu görkəmli şəxsiyyətin həyat və yaradıcılığı o qədər də işıqlandırlmayıb. Ukrayna torpağında Lvov şəhərinin küçələrindən biri Sadıq bəy Ağazadənin adını daşıyır.
Yaradıcılıqla məşğul olan qocaman alim vətəndən uzaqda vəfat edərək qərib yurdun torpağına tapşırılır. Lvov şəhərində dəfn olunan Sadıq bəy Ağazadənin məzarı hal-hazırda həmin şəhərin Liçakovski qəbristanlığının 84-cü sırasındadır.
Həqiqətən də düz deyirlər ki, dünya yaxşı insanlardan xali deyildir. S.Ağabəyzadə Ukrayna universistetində dərs dediyi zamanlarda onun bir çox sevimli tələbələri olub ki, onlardan biri də Olqa Bak adlı qız idi. Ömrünün son günlərini yaşadığı vaxtlarda Olqa Bak və onu həyat yoldaşı Sadıq bəy Ağabəyzadənin yanında olub, son günlərinə qədər ona qulluq göstəriblər.
Azərbaycanın adını şərəflə qoruyan görkəmli hərbçi, alim, pedaqoq və nəhayət gözəl insan Məhəmməd Sadıq bəy Ağazadənin adı vətəndən uzaq olan Ukrayna torpağında hörmətlə yad edilir. Orada yaşayan azərbaycanlılar da vətənlərinin ləyaqətli övladı general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin məzarını tez-tez ziyarət edir və qəbrini Azərbaycan adından çiçəklərlə bəzəyirlər.