Qorxu da tükənə bilir və polisimiz bunu anlamağa başlayır - Erkin Qədirli

ÖLKƏ
18:11 / 02.07.2020
1149

"Bu gün (2 iyul) Azərbaycan Polisi Günüdür. Polisimizin 102 yaşı tamam oldu. Polis çox çətin bir işdir. O, bir yandan hörmət oyatmalı, o biri yandan da qorxu yaratmalıdır. Polis elə olmalıdır ki, qanunlara əməl edənlər ona hörmət etsinlər, qanunları pozanlar, ya da pozmaq istəyənlər isə, ondan qorxsunlar. Yəni, eyni zamanda həm hörməti, həm qorxunu hiss etdirməlidir. Bu, polisi bütün başqa hakimiyyət qurumlarından fərqləndirir. Bizim polis qorxunu hiss etdirməyi bacarır. Bunu çox zaman yersiz edir. Amma qorxu da tükənə bilir və deyəsən, polisimiz bunu anlamağa başlayır".

HİT.Az xəbər verir ki, bunu deputat Erkin Qədirli deyib.

E.Qədirli bildirib ki, polisin özünə hörməti artırmaq yönündə atdığı kövrək addımlar, bəzən uğursuz olsa da, təqdirəlayiqdir:

"Hər yerdə olduğu kimi, burada da yaxşı işlər yavaş görülməlidir. Polis işini qanuni görəndə, vətəndaşların ona hörmətini də görə bilir. Problem həm də ondadır ki, polislə vətəndaşlarımızın arasında sosial məsafə çox qısadır. Bu, çox zaman hər iki tərəfdən yanlış davranışlara səbəb olur. Bir yandan vətəndaşlarımız polislə aşırı səmimi münasibət qurmağa girişir, o bir yandan da polis vətəndaşların şəxsi işlərinə əsassız qarışır. Belə olmamalıdır. Bu gün polisimizin bayramıdır. Bayram günündə xoş sözlər deyərlər. Yuxarıda yazdıqlarım kiməsə xoş söz kimi görünməyə bilsə də, bilin, o sözlər xoş niyyətlə yazılıb. Polisimizi təbrik edirəm".

 

1