Onun səsi də sözləri kimi ilahi səxavətdir

ÖLKƏ
15:28 / 02.07.2020
3608

Ceyhun Alışlı,

AZƏRTAC

Mələklər insan olmadıqlarına görə üzülər, şeytanlar isə şükür edərlər. Bunu necə də gözəl ifadə edib böyük Cəlaləddin Rumi... 

Xeyir və şərin insanda təcəlla etməsi, ağıl və vicdan meyarlarının ona məxsus olması, hər şeydən öncə, Yaradanın qüdrətinə dəlalət edir. 

Qurani-Kərimin “İnsan” surəsində Allah bizi bizə izah edir. Bəni-adəmin bütün xüsusiyyətlərini çılpaqlığı ilə anladan Allah, ona hər iki dünyanın bütün məşəqqətlərindən xilas ola biləcəyi bir yolu - haqq yolunu göstərir. İmanla yürüyən bu yolda məsafələrin necə və nə qədər qət edilməsi, yalnız Yaradana aşkardır. Yolçuya aşkar olan odur ki, Yaradanın buyurduqları müqabilində imanın keşiyində iradə göstərib, duruş gətirənlər, bu yolda heç vaxt yorulmurlar. İman, aləmləri ehtiva edən Yaradanın buyurduqları sayəsində qulun içinə hökm etdiyi sədaqət və cəsarət məfkurəsidir. O məfkurənin mənzərəsi o qədər möhtəşəmdir ki, Yaradana və onun yoluna sadiq olanlar, təkcə özlərini deyil, başqalarını da xilas etmiş olurlar. Bu yol tanınan və tanınmayan milyonlarla insanın qazanıb, qazandırdığı yoldur. Ölkəmizdə də imanını ehsan edən neçə-neçə insan var bu yolda, tanınan və tanınmayan...

Əslində, bu yolda hərəkət edən tanınanlar və tanınmayanlar bir-birindən heç də fərqlənmirlər. Sadəcə, tanınanların davranış və əməlləri sürətli seziləndi. Bu mənada, onlar toplum qarşısında tez-tez görünməklə, missiyalarını həyata keçirirlər. 

Bu yolun həqiqət qaydalarını hamının tanıdığı ilahiyyatçı Hacı Şahin Həsənlinin timsalında izah etmək, məncə Allahın da xoşuna gələr. 

 Əvvəlcə, qeyd edim ki, bir çoxları kimi mən də hörmətli Şahin müəllimi sosial şəbəkələrin bizə verdiyi imkandan istifadə edərək tanımışam. Xütbələrində iştirak etməsəm də, əksəriyyətinə qulaq asmışam. Gəldiyim qənaət budur ki, hörmətli ilahiyyatçının təbiətində tək QAZANMAQ anlayışı yoxdur. O, sahib olduğu ilahi paya milyonları şərik qoşan adamdı. Allah da bu yolda ŞƏRİK QOŞMAĞI sevir... 

O, xütbələrində iştirak edən minlərlə insanın gözü ilə özünü görən insan təəssüratı yaradır. Məncə, tanıyan və tanımayıb dinləyən insanlarla onu bu qədər doğmalaşdıran, bu yolda infaq etdiyi ilahi səxavətidir. Şahin Allaha və onun yoluna olan sevgisi qədər uca adamdır. Bəlkə də, səsi də, sözləri kimi, ilahi qənimətdi onu dinləyənlərə... Şəxsən, xütbələrində on minlərlə insanın iştirakının səbəbi mənə maraqlı olduğundan, kiçik bir “araşdırma” da aparmışam. Bəlkdə də, onun əksər xütbələrinə qulaq asmağım, Şahin dünyasını kəşf etmək üçün bəhanə olub, deyə bilmərəm... Bu gün hər yerdə hörmətli ilahiyyətçının səsinin işığına toplaşan milyonlar, ilahi səxavətindən faydalana bildikləri üçün sevgilərini haqq edirlər. Məncə, Şahin onu dinləyən hər kəs üçün, dünyada müsəlman kimi yaşamağın xəritəsidir. Dinini sevib, dövlətini sevə bilməyənlər və ya dövlətini sevib, dinini sevə bilməyənlər üçün örnək biridi... Bu mənada, o, içində Allah və Vətən yolu məhəbbətini birlikdə daşıyan adamdı.

Belə adamların heç zaman yaşı olmur, sadəcə bir dəfə doğulurlar və yaşayırlar... vaxt dəyişsə də... 

Həmişəki kimi, yenə Şahin müəllimin həyatında vaxt dəyişir: bu dəfə 45-i 46 əvəzləyir. 

Əbədiyaşarlıq mərtəbəsindən baxanda, bu rəqəmlər necədə kiçik görünür.... Hər vaxtın əbədi olsun, bəni-adəm!

1