Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının pandemiya elan olunduğu ilk gündən dövlətimiz tərəfindən bu təhlükəyə qarşı mübarizənin gücləndirilməsi və vətəndaşlarımızın sağlamlığının qorunması bir nömrəli vəzifə kimi qarşıya qoyulub. Bütün dövlət qurumlarına, o cümlədən yerli icra hakimiyyəti orqanlarına yerlərdə əsas diqqətin bu sahəyə yönəltməyi tapşırığı verilib.
HİT.Az xəbər verir ki, bu gün Ağstafa Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsi ilə birgə Nazirlər Kabinetinin koronavirus profilaktikasına dair təsdiq edilmiş qərarların icrasına nəzarət məqsədilə rayonun bir sıra ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirləri həyata keçirib.
Aparılan reydlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən "Samovar” restoranı, "Nəsiboğlu”, "Dostlar” və "Göyçə” kafelərində, eləcə də rayonun Mərkəzi bazarında standartların tələblərinə cavab verməyən xidmətin göstərilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkarlanıb.
Faktlarla bağlı həmin obyektlər barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. "Göyçə” və "Dostlar” kafelərindəki aşkar olunmuş uyğunsuzluqlara görə fəaliyyətlərinin müvəqqəti dayandırılması qanunauyğun hesab edilib.
Obyektlərin sahiblərinə izah olunub ki, aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətləri yenidən bərpa oluna bilər.
Reydlər keçirilən sahibkarlıq subyektlərinin nəzərinə çatdırılıb ki, rayon ərazisində bu istiqamətdə aparılan yoxlamalar bundan sonra daha da intensivləşdiriləcək və fəaliyyətlərində yol verilmiş istənilən uyğunsuzluğa görə qanunverilcilik çərçivəsində ən sərt tədbirlər görüləcək.