Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu - FOTOLAR

ÖLKƏ
14:47 / 05.07.2020
1600

Sabunçu rayonunun Balaxanı kəndinə aparılan abadlıq işləri yerli sakinlərdə xoş ovqata səbəb olub.

Kəndin bəzi küçələrinə daş döşənməsi Balaxanıda gözoxşayan mənzərə yaradıb.

Qeyd edək ki, Bakıda küçələrə daş döşənməsinin qədim tarixi var. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri keləyi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başladılar. Bu ənənə sonralar da davam etdirildi...


Abadlıq işləri çərçivəsində Balaxanıda daha bir yenilik Üzeyir Hacıbəylinin məşhur operettasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” filmindən tanıdığımız Məşədi İbada və hambala heykəl qoyulmasıdır.

Az qala 70 ilə yaxındır ki, Məşədi İbadın adı, sözü-söhbəti, məzəli, rişxəndli, ibrətli zərbi-məsəlləri, canlı bənzətmələri, heç vaxt yersiz, köhnəlmiş görünməyən kəlamları dilimizin əzbəridir.

1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Təbii ki, “O olmasın, bu olsun” filmində səslənmiş və bu gün də dillər əzbəri olan və yeri gələndə işlətdiyimiz sitatların əksəriyyəti əsas obraz Məşədi İbadla bağlıdır...

Filmdən dillərə düşən “Heç hənanın yeridi?”, “...baxım görüm mal necə maldı”, “Mən özüm “Tarixi-nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavdlar hardan başa düşsün?!”, “Mənim bir eybim varsa, o da eyibsizliyimdir”, “Hazır gəlim, yoxsa?..”, “Yaxşı bəs, hamampulunu kim verəcək?”, “Babalı Sərvərin boynuna”, “Qızın iki adaxlısı var”, “...bu ehsan deyil...” kimi sitatlər hələ də yeri gələndə tez-tez işlədilir...

Balaxanının yeni küçələri İçərişəhərin dolambaclı yollarını xatırladır...
 

1
Modern.az