Bakı Mühəndislik Universitetində (BMU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb.
Mövcud pandemiya şəraiti ilə bağlı onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 1016 fənn üzrə imtahan veriblər. Belə ki, 623 (61%) imtahan frontal sorğu şəklində, 393 (39%) imtahan isə test formasında təşkil olunub.
Universitetdən Trend-ə verilən məlumata görə, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, qərəzsizlik və obyektivlik tam şəkildə təmin edilib, lazımi texniki tədbirlər yüksək səviyyədə tətbiq olunub. Həm test formasında, həm də frontal sorğu formasında keçirilən imtahanlar bitdikdən sonra tələbənin qiyməti elan olunub və bütün imtahan nəticələri ən geci 24 saat ərzində universitetin elektron sisteminə yerləşdirilib.
BMU-da imtahan nəticəsindən narazı qalan tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə onlayn şəkildə apelyasiya təşkil edilib.
Xatırladaq ki, cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi ilə bağlı universitet rəhbərliyi tərəfindən tələbələrin xeyrinə qaydalar müəyyənləşdirilib. Belə ki, imtahan zamanı tələbələrin semestrdaxili fəaliyyət qiymətləri onların razılığı ilə imtahan qiyməti kimi qəbul edilib. Bundan əlavə, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirən, eyni zamanda nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunub. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin verdiyi qərar da tələbələr tərəfindən yüksək dəyərləndirilib.
Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.