Görkəmli memar-etnoqraf Hacıəmi Atakişiyevin xatirəsinə həsr olunur
Elə adamlar var ki, sağlığında ölməzlik qazanır, işıqlı əməlləri ilə xalqının əzizinə çevrilirlər. Çağdaş milli mədəniyyətimizdə özünəməxsus iz salmış memar-etnoqraf Hacıəmi Atakişiyev (1951-2019) də belə insanlardan idi.
Doğma Azərbaycana ölçüyəgəlməz məhəbbəti onu hamının hörmət və ehtiram qaynağına çevirmişdi. Bütün həyatını doğma yurdun bənzərsiz mənəvi dəyərlərinin öyrənilməsinə və təbliğinə həsr edən Hacıəmi Atakişiyevin böyük Vətən sevgisinin nüvəsində ona böyük şöhrət gətirən Abşerona sonsuz bağlılıq vardı.
O, bunu həm mavi arzularını ifadə edən layihələrində, onların həyata keçirilmiş nümunələrində və qələmə aldığı kitablarında ifadə edirdi...
Hacıəmi Atakişiyevin torpağa, onun bakirə və insan əlinin qüdrəti ilə yaradılmış gözəlliyinə vurğunluğu nə qədər ruhunda gəzdirdiyi yaratmaq istedadının ifadəsi idisə, bir o qədər də onun qumluqları üzərində ucalan daş abidələrin nəhayətsiz gözəlliyi olmuşdu.
Odur ki, zamanında Abşeronlu həmyaşıdları arzularının dalınca məşhur "Əzimzadə məktəbi”nə üz tutmuşdularsa, o, yerli daşlardan ucaldılan memarlıq tikililərində hifz olunan yaradıcı-gözəllik hikmətini duymağa üstünlük vermişdi.
Bu onun o vaxtlar respublikada çox nüfuzlu təhsil ocaqlarından hesab olunan Azərbaycan Politexnik İnstitutunun "Memarlıq” fakültəsinə imtahan verməsini şərtləndirmişdi...
Hacıəmi Atakişiyevi bir insan və yaradıcı kimi yaxından tanımağım qarşılığında deyə bilərəm ki, o, çox narahat adam idi.
Onun yaddaşına hopdurduğu "arzu çələngi” o qədər zəngin və rəngarəng idi ki, onların gerçəkləşməsinə bir ömür bəs eləməzdi. Onun elə bu arzuların qanadında "günahlı dünya”mıza əlvida deməsi də bunun göstəricisi oldu. Amma neçə-neçə arzusu kağız üzərində qalsa da, həyatda onu zaman-zaman xatırladacaq layihələri də kifayət qədərdir.
Bu gün insanlara gözəllik duyğuları bəxş edən həmin qoruq, muzey və tikililərdə yaşanan məkana sonsuz və özünəməxsus ifadə olunmuş məhəbbət hissinin mövcudluğu onların məhz Hacıəmi Atakişiyevin təxəyyülünün məhsulu olduğuna başqalarına inandırır...
Mayasında Azərbaycan-Abşeron sevgisi olan belə arzu-layihələrə maraq onda elə təhsil illərində yaranmışdı.
Belə ki, o, həmin dövrdə institutdakı "Tələbə konstruktor bürosu”nun yaradıcılarından biri olmuş, ilk dəfə "İçərişəhər məhəllələrinin regenerasiya planı”nı hazırlamış, Azərbaycanda mövcud olan bir çox tarixi-memarlıq abidələrini araşdırmış, onların daha əhatəli öyrənilməsinə təkliflərini vermişdi.
Onun Respublika Gənclər mükafatı ilə mükafatlandırılması (1976) da bu sahədə gördüyü səmərəli işlərin rəsmi səviyyədə təqdir olunmasının ifadəsi idi. Təhsilsonrası "Bakıhidrolayihə” institutuna təyinat alan memar burada Şəmkir və Sərsəng su elektrik stansiyalarının layihələndirilməsində iştirak etmişdir. Buradakı fəaliyyəti o qədər də uzun çəkməmiş və o, 1975-ci Bakı şəhərindəki "İçərişəhər” müdiriyyətində çalışmış, respublikanın tanınmış memarlarından ibarət olan yaradıcı heyətin tərkibində İçərişəhərin Baş planının hazırlanmasında yaxından iştirak etmişdir.
Bu qədim məskənin tarixi görkəminin qorunmasını təmin edəcək həmin layihənin sonradan tez-tez pozulmasına şahidlik edən Hacıəmi Atakişiyev bu barədə ürək yanğısı ilə danışmaqdan usanmazdı. Onun Abşerondakı abidələrin bərpasına və qorunmasına münasibətində də daima narahatlıq duyulardı... 1980-ci ildən onun Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki ”Muzeybədiilayihə” təşkilatında çalışması, onun yurdun tarixinə və mədəniyyətinə olan arzularının nisbi də olsa gerçəkləşməsinə imkan vermişdir.
Qarabağ bölgəsində və Naxçıvan Muxtar Respublikasında yeni təşkil olunan tarix-diyarşünaslıq muzeylərini layihələndirən və onların bədii tərtibatını həyata keçirən Hacıəmi Atakişiyev yerli maddi-mədəniyyət nümunələrindən geniş istifadə etməklə, bu mədəniyyət obyektlərini seyrçilərin sevə-sevə tamaşa etdikləri guşələrə çevirməyi bacarmışdır.
Onun sonrakı fəaliyyəti davamlı olaraq paytaxtla bağlı olmuşdur. Belə ki, o, 1984-1999-cu illərdə Bakıdakı Şəhər Tərtibatı Dizayn İdarəsinin rəisi, Bakının Baş memarının müavini, paytaxtın Baş rəssamı və "Reklam-informasiya” Departamentinin sədri vəzifələrində çalışmışdır.
1992-1999-cu illərdə Bakı şəhər icra hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışan Hacıəmi Atakişiyev müstəqillik qazanmış ölkəmizin önəmli ideoloji vasitələrindən sayılan paytaxt tərtibatının milli ənənələr üzərində həyata keçirilməsinə nail olmuşdu.
Eyni vaxtda həm də o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Dizayn” kafedrasının dosenti kimi gənc kadrların yetişdirilməsinə böyük töhfələr vermişdir.
Heç şübhəsiz, müstəqillik dövrü yaradıcılığında xüsusi yer tutan reklam işini onun o vaxta qədər respublikada xaotik şəkildə həyata keçirilən bu sahəyə uğurlu elmi-təcrübi yanaşmasının əyani nəticəsi saymaq olar.
1995-ci ildə Azərbaycan Reklamçılar İttifaqının təsisçilərindən biri olan Hacıəmi Atakişiyev həm də İttifaqın İdarə Heyətinin sədri vəzifəsində çalışmış və sonda da qurumun fəxri prezidenti seçilmişdi.
2015-ci ildə qəbul olunan "Reklam haqqında qanun”un hazırlanmasında ekspert kimi iştirak etməklə, sənədin müasir tələblərə cavab verən səviyyədə hazırlanmasına duyulası töhfələr vermişdi. O, bundan sonra da reklam sahəsinə bir an belə diqqətini azaltmadan, bu sahədə yeni kadrların yetişdirilməsi, tədris materiallarının hazırlanması prosesində yaxından iştirak etmişdi.
Onun yazdığı "Reklam işi” və "Reklamın tarixi” kitablarının bu gün bu sahədə çalışanların masaüstü kitabı olması danılmazdır.
"Reklam – iqtisadiyyatın hərəkətverici qüvvəsidir. Ondan istifadə etməklə həm reklam bazarını, həm də iqtisadiyyatın bir çox sahələrini, sektor və seqmentlərini inkişaf etdirmək olar” sözlərini tez-tez xatırladan Hacıəmi Atakişiyev bu sahədəki fəaliyyətində həmişə mövqe nümayiş etdirməyə və həmkarları arasında dərin nüfuz qazanmağa nail olmuşdur.
Kitablardan söz düşmüşkən deyək ki, kifayət qədər təcrübə toplayan memar öz düşüncələrini davamlı olaraq qələmə aldığı "Şəhər mühiti və reklam”, "Şəhər mühiti və reklam”, "Reklamın tarixi, tarixin reklamı”, "Memar Hacıəmi dünyası”, "Memar Əcəmi – Hacıəmi”, "Kainat və insan” və s. Kitablarında əyaniləşdirərək, bu sahənin elmi əsaslarla inkişafı üçün baza yaratmağa nail olmuşdur. Memar olaraq Hacıəmi Atakişiyev bu sahənin uzaq-yaxın keçmişi ilə daima maraqlandığından ərsəyə gətirdiyi müxtəlif məzmunlu layihələrdə həm də zəngin təxəyyül sahibi olduğu görünməkdədir.
Bu mənada onun "İpək yolu üzərində müasir şəhərsalma və alternativ baş ticarət yolunun konseptual layihəsi”, "Abşeron yarımadası ətrafında batmış yaşayış məskənlərinin axtarışı və qurulma layihələri”, "Qala Arxeoloji və Etnoqrafik Muzeyi Kompleksi” ilə bağlı fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Bu layihələrin memarlıq-planlaşdırma və dizayn işlərini həyata keçirən Hacıəmi Atakişiyev son nəticədə, onların gerçəkləşən tutumunda tamaşaçıları cəlb edə biləcək mənəvi qaynaq yaratmağa nail olmuşdur. Əlavə edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan Qala Arxeoloji və Etnoqrafik Muzeyinin bu gün respublikanın ən çox ziyarət edilən mədəni ocaqlarından birinə çevrilməsi danılmazdır. Qeyd edək ki, Abşeron tarixini və mədəniyyətini dərindən bilən memar burada zəngin yerli etnoqrafik materiallardan istifadə etməklə, məkanın həm memarlıq, həm də yerli adət-ənənənin nümayişi baxımından çox cəlbedici mədəniyyət ocağına çevrilməsini şərtləndirmişdir...
Zamanında səmərəli yaradıcı fəaliyyəti onun Azərbaycan incəsənət məkanında tanınmış şəxsiyyətə çevrilməsini şərtləndirmişdir. Onun Beynəlxalq Şərq Memarlar Akademiyasının müxbir üzvü, Beynəlxalq Eko-Enerji Akademiyasının doktoru, Beynəlxalq Reklamçılar Assosiasiyasının Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru, Moskva Memarlar İttifaqının üzvü, Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqının üzvü olması da bunun təsdiqidir. Bütün bunlar onun adının milli mədəniyyət tariximizdə zaman-zaman xatırlanacağın zəmin yaratması birmənalıdır...
Ziyadxan Əliyev