Öldürücü ağrılar idi, sanki sümüklərim qırılırdı - Koronavirusdan sağalan Qarabağ qazisi 

18:53 / 06.07.2020
1346

"Ölkədə pandemiya elan olunduqdan sonra karantin başlayandan mən bütün qayda-qanunlara tam riayət edirdim. Sonra Operativ Qərargah karantin qaydalarının yumşaldılmasını elan edəndə məndə arxayınlıq yarandı. Təxminən 10 gün maska və spirtdən istifadə etməməyə başladım. İyunun 7-də özümdə dərin yorğunluq hiss etdim. Sanki 2, 3 sutkadır yatmıram".

HİT.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında koronavirusa qalib gələn Əfqanıstan döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Səfər Hümbətov deyib.

O bildirib ki, koronavirusa yoluxan şəxsin müalicə şərtlərindən birincisi psixoloji cəhətdən özünü ələ almasıdır:

"Yatdım durdum, gördüm bu halsızlıq keçmədi. Dedim ola blər yorğunluqdandır. Keçdi, səhəri gün baxdım ürəyim bulanır, başım ağrayır. Gördüm yox, nəsə vəziyyət yaxşılığa doğru getmir. Hiss etdim ki, qızdırmam var. Ölçdüm 37,4 göstərdi. Onda şübhələndim. Bir həkim dostum var, ona dedim ki, məndə vəziyyət bu cürdür. Simptomları soruşdu, mən də dedim. Simptomlar sizə dediyim simptomlar, sonra isə qızdırma, onun ardınca qarın ağrısı və ihsal. Həkim dostum soruşdu ki, dadbilmə, iybilməni bilirsənmi? Ona qədər fikir verməmişdim. Həmişə istifadə etdiyim sabunu iylədim, iyini hiss etmədim.

Öldürücü ağrılar idi

Dadbilmə də itdi, sonra başağrıları, bütün sümüklərim sanki bir-birindən ayrılırdı, qırılırdı. Elə bir hissiyat var idi, çox, həddindən artıq bədən ağrısı yaranmışdı. Deyərdim, dırnaqdan tükə qədər ağrı, adam öldürücü ağrılar idi. Sonra evdə müalicəyə başladım. Keçən ayın artıq 9-10-u idi, 103-ə də zəng etdim. Dedilər ki, 3 gündən sonra gələ bilərik. 3 günün çağırışları hələ durur, növbə sizə çatanda gələcək. Başladım özümü müalicə etməyə, həmişə qripi, soyuqdəymə, qızdırma olanda necə müalicə ediriksə həmin antibiotik və immun gücləndirici mayelər, sistemlər. Amma getdikcə temperaturum bu mülicəyə tabe olmadı. Ayın artıq 11-də məndə temperatur 39,5-ə çatdı. Öskürmə, artıq sinədə ağrılar hiss edirdim, tam boğulma olmasa da tənəffüsüm yarımçıq idi. TƏBİB-dən dostlarım vasitəsi ilə mənə təcili yardım göndərildi.

Ölümə yaxın idim, elə bil hanısa taxta qapıya dəyirdim

Məni ayın 12-si axşam saat 7-8 ərəfəsində apardılar yeni klinikaya. Aparılan kimi qandan analiz götürüləndən sonra sistem köçürülməsi və intensiv müalicələr başladı. Mən Yeni Klinikada 16 gün yatdım. İlk bir həftəm ağır keçdi, müalicələrə bədən tabe olmurdu, səhhətim kəskinləşirdi. Nəfəs darlığı yaranmışdı, oksigen balonuna qoşuldum. Ölümə yaxın idim, elə bil hanısa taxta qapıya dəyirdim. Cəhənnəmdir, cənnətdir bilmirəm, onu hiss edirdim ki, ölümə tam yaxınam. Amma çarpaz müalicələr bir həftə sonra effektini göstərməyə başladı. Baxmayaraq ki, mən psixoloji cəhətdən tam hazır idim. Dünyanın hər üzünü (Əfqanıstan, Qarabağ müharibələri) görmüşəm. Ölümün gözünün içinə dik baxdığım anlar olub həyatımda. Psixoloji cəhətdən özümü tam idarə etsəm də, amma fiziki cəhətdən əldən getdiyini hiss edirsən. Amma bir həftədən sonra o müalicələrin effektini hiss etdim, səhhətimdə artıq yaxşılığa doğru dəyişiklik hiss etməyə başladım.

20 günün içində 15 kiloya yaxın çəki itirmişəm

Haradasa 14-15-ci gün sağaldığımı tam hiss etdim. 16-cı gün artıq məndən əlavə analizlər götürərək heç nəyin qalmadığını həm qan analizi, həm burundan yenidən yaxma götürərək, bir də ciyərlərimi rentgenə salaraq bildik. Ondan sonra evə buraxdılar. Sadəcə olaraq bu xəstəlikdən sonra dərin fiziki zəiflik baş verir. Bu xəstəliyin əsas əlamətlərindən biri odur ki, insanın birinci fiziki müqavimətini qırır. Qanda struktur pozğunluğu yaradır. Ondan sonra insanı ölümə götürmək üçün özünə qapılar açır. Fiziki zəiflik zamana bağlıdır, zamanla bərpa olunur. Bütün xəstəliklərin onsuz da müalicə və profilaktika dövrü var. Amma bunda halsızlıq, dərin zəiflik hədsiz dərəcədədir. Fiziki halsızlığı təxminən bir ay müddətinə toparlamaq olur. 20 günün içində 15 kiloya yaxın çəki itirmişəm.

Dövlətin qoyduğu qanunlar birinci vətəndaşların təhlükəsizliyi üçündür

Qeyd etdiyim ki, birinci karantin müddəti başa çatandan sonra yumşaldılma zamanı məndə arxayınlıq yarandı. Qoruyucu vasitələrdən istifadə etmədiyimə görə virusa yoluxdum. İnsanlara tövsiyəm odur ki, dövlətin qoyduğu qaydalara riayət etsinlər, qanunlar birinci vətəndaşların təhlükəsizliyi üçündür. Dövlət burada maddiyat itirə bilər, vətəndaşını itirə bilər. Amma dövlət zamanla iqtisadiyyatını da bərpa edə bilər, insan resurslarını da. Amma insanın sağlamlığı əldən getdisə onu heç cür geri qaytarmaq mümkün deyil. O baxımdan insanlara demək istəyirəm ki, özünüzün, ailənizin, millətin, dövlətin, bəşəriyyətin sağlığı və təhlükəsizliyi üçün mütləq karantin qaydalarına əməl etmək lazımdır. Dünya da deyir ki, koronavirusdan qorunmağın və onuun yoluxma tempini aşağı salmağn birinci şərtlərindən biri tibbi maskadan istifadə, sosial məsafə saxlamaq, insanlarla təmasdan maksimum qaçmaq və gigiyenik qaydalara əməl etməkdir. Yoluxanlara da onu demək istəyirəm ki, "Bu, öldürücü virusdur, yaxalanan həmən öləcək" düşüncəsindən uzaq olun.

Müalicə şərtlərindən birincisi özünü tox, ruhu sağlam tutmaqdır

Bu, yoluxucu xəstəliklərdən biridir. Buna sadəcə olaraq zamanında müdaxilə etmək yetər ki, vaxtında bu xəstəlikdən yaxa qurtarasan. Yoxsa eşidirəm ki, bir çox insanlar evdə müalicəni uzadır-uzadır, effekt vermir. İndiki vəziyyətdə də xəstəxanalarda yer yoxdur deyə həkim, dərman çatışmazlığı ucbatından dünyasını dəyişənləri də eşidirik. Yoluxdunsa, bütün vasitələrdən ona qarşı istifadə etmək lazımdır. İlk növbədə psixoloji cəhətdən özünü tox, ruhu sağlam tutmaq gərəkdir, müalicə şərtlərindən birincisi budur. Yerdə qalan şeylər həkimlərin əlindədir".

 

0