Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ağdamın sabiq icra başçsı Raqub Məmmədovun oğluna yüksək vəzifə verib.
Mia.az xəbər verir ki, naziri əmri ilə Suraxanı rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri təyin olunub.
Məlumata görə, həmin mərkəz ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində aparılan struktur islahatları çərçivəsində yaradılıb.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Bakı şəhəri rayonlar üzrə Məşğulluq Mərkzələri ləğv olunaraq, 5 ərazi üzrə yeni qurumlar yaradılıb.
Belə ki, 1 saylı Ərazi Məşğulluq Mərkəzində Yasamal-Səbail-Qaradağ rayonları, 2 saylı Ərazi Məşğulluq Mərkəzində Pirallahı-Xəzər rayonları, 3 saylı Ərazi Məşğulluq Mərkəzində Sabunçu-Suraxanı-Nizami rayonları, 4 saylı Ərazi Məşğulluq Mərkəzində Binəqədi-Şuşa-Nərimanov rayonları, 5 saylı Ərazi Məşğulluq Mərkəzində isə Xətai-Nəsimi-Zəngilan rayonları birləşib.
Bundan sonra isə ƏƏSMN-in Məşğulluq Xidmətinin rəisi Mustafa Abasbəyli ilə şəxsi yaxınlığına görə Sənan Məmmədzadə qeyd edilən vəzifəyə təyinat alıb.
Məlumata görə, yeni yaradılan mərkəzlərdən birinə təyin olunan S.Məmmədzadə haqda kifayət qədər qalmaqallı xəbərlər var.
Bu google axtarış sistemində üzə çıxan çoxsaylı xəbərlərdən də aydın görünür.
Diqqətçəkən məqam budur ki, S.Məmmədzadənin adı ötən ay Bakıda qoçuluq edərək, təhqir və təhdid yağdıran “AA” seriyalı avtomobillə də əlaqəli hallanır.
Xatırladaq ki, həmin məlumatı yayan Avtosfer.az xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı “Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.
Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.
Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə “lotusan sən?”, “səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.
Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.
Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil “İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.
Mia.az-a verilən məlumata görə, S.Məmmədzadə bu gün də həmin maşının xidmətindən istifadə edir: "Düzdür, o, həmin maşını şəxsən özü deyil, başqası idarə edir. Amma onun bu naşınla mərkəzə işə gəlib-getdiyi haqda kifayət qədər dəlillər var. Ola bilər ki, yuxarıda qeyd edilən görüntülü xəbərlə bağlı o zaman hüquq-mühafizə orqanları da tədbirsiz davranmayıb. Bu haqda, düzü, faktımız yoxdur. Amma şübhə yox ki, DİN-dən bunu dəqiqləşdirə bilərsiniz".
Xatırladaq ki, ƏƏSMN-dən Mia.az-ın sorğusuna cavab olaraq, S.Məmmədzadənin adıçəkilən mərkəzə direktor təyinatı təqsdiqlənib.