Karantində istirahətə gedərkən polis forması geyindi, həbs edildi

ÖLKƏ
12:57 / 07.07.2020
1609

Karantin günlərində postdan polis formasında keçmək istəyən şəxs hakim qarşısına çıxarılıb. Ona 30 sutka həbs cəzası verilib, lakin şəxs bu cəzadan narazıdır.

HİT.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı şəhər sakini Xəyal Süleymanlı Nazirlər Kabineti tərəfindən evə qapanma ilə bağlı qərar verilən zaman Qubaya istirahətə gedib. İstirahətdən qayıdan zaman isə saxlanılıb.

Məlum olub ki, X.Süleymanlı postlardan keçmək üçün polis forması geyinibmiş.

Qubadan qayıdan zaman polis əməkdaşları Xəyalı saxlayıb və şübhələndikləri üçün sənədləri tələb ediblər. Bu zaman Xəyal sənədlərinin evdə olduğunu deyib.

Polis bölməsinə dəvət edilən Xəyalın polis əməkdaşı olmadığı üzə çıxıb.

27 yaşlı Xəyal məhkəmə qərarı ilə həbs edilib. Əməlindən peşman olduğunu desə də bir faydası olmayıb.

Xəyal barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələrilə protokol tərtib olunub.

Həm də 1 illik sürücülük hüququndan məhrum edilən Xəyal bu cəzadan şikayət versə də təmin edilməyib və o, həbsdə qalıb.

0