Araşdırmalarla sübut olunub ki, COVID-19-a təkrar yoluxma mümkündür. Doğrudur, ilk dəfədən sonra xəstəliyə qarşı immunitet yaranır, lakin onun qalıcı və ya ömürlük olması təsdiqlənmir.
Ümumdünya Səhiyyə Təşkilatından və Avropa ölkələrindən olan nümayəndələrlə, həmçinin Türkiyədən gələn qrupla bu barədə söhbətlər aparılıb. Belə bir fikir var ki, ilk yoluxmadan sonra orqanizmdə yeddi-səkkiz ay ərzində virusdan qorunma formalaşır. Sonra yenidən yoluxma riski yaranır. Lakin İtaliya və Çin həkimlərinin məlumatlarına əsasən, birinci yoluxmadan sonra ilk dövrlərdə də təkrar yoluxma halları qeydə alınıb. Bizim ölkədə hələlik təkrar yoluxma halı ilə üzləşməmişik.
AZƏRTAC xəbər verir ki, bunu "Yeni Klinika" Tibb Müəssisəsinin direktoru, tibb elmləri doktoru Pərviz Abbasov deyib.
O həmçinin qeyd edib: "Xəstə xəstəxanaya daxil olduğu gün hesablanmaqla dörd həftə, yəni 28 gün ərzində təcrid olunur. Belə bir məcburi qayda da var ki, xəstə 28 gündən neçəsini xəstəxanada müalicə olunubsa, qalan günlər mütləq evdə qalmalıdır. Misal üçün 15 gün xəstəxanada müalicə olunan xəstənin qalan 13 gününü evdə sosial izolyasiya şəraitində keçirməsi vacibdir.
Müayinə zamanı neqativ cavab üst tənəffüs yollarında virusun aşkarlanmamasını əks etdirir. Burada daha dəqiq nəticə əldə etmək üçün əsas müayinə üsullarından biri olan bronxial alveol invaziv xəsarətli metoddur, çünki bədəni deşib ağciyərdən nümunə götürməyin özü də bir zədədir. Ona görə də tətbiq olunmur. 28 gün ərzində xəstənin təkrar yoluxdurma ehtimalı var və onlar xəstəxanadan çıxandan sonra evdə oturmaq, izolyasiya şəraitində olmaq, heç kimlə təmasa girməmək, ailə üzvləri ilə ünsiyyətdə olmamaq kimi şərtlərin əks olunduğu sənədlərə imza atırlar. Xəstələrə ərazi üzrə olan poliklinikalar nəzarət edirlər. Onlar yoluxdurucu hesab olunduqları üçün evdən çıxmaq üçün SMS icazə sistemindən də istifadə edə bilmirlər.
Aparılan testlərin 30-35 faizində yalançı neqativlik özünü göstərə bilər. Yəni xəstə virusa yoluxduğu halda test neqativ çıxa bilər. Belə ki, virusun tənəffüs yolunun hansı hissəsini zədələdiyindən də çox şey asılıdır. Burada testin hansı şəraitdə və kimin tərəfindən aparıldığı, texnikanın düzgünlük dərəcəsi, tələskənliyə yol verilib-verilməməsi də təxminən 3-5 faiz rol oynaya bilər. Ona görə də aparılan testlər arasında fərq yaranması mümkündür. Bütün bunlara görə bir sıra ölkələrdə testin nəticəsinə deyil, kompüter tomoqrafiya müayinəsinə əhəmiyyət verilir. Təəssüf ki, tomoqrafik dəyişikliklər xəstəlik orqanizmdə qismən və ya tam irəlilədikdən sonra meydana çıxır. Elə xəstələr var ki, kompüter tomoqrafiya müayinəsində COVID-19-a xas olan “buzlu şüşə” əlaməti var, lakin test nəticəsi neqativ çıxır. Onlara COVID-19-a yoluxmuş xəstə kimi baxılmalı və müalicəyə başlanılmalıdır".
P.Abbasovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, vətəndaşlar daha çox yas mərasimləri və evdə keçirilən yığıncaqlarda iştirakdan sonra virusa yoluxurlar: "Vətəndaşlar qorunma üsullarına ciddi fikir verməli, əllərin yuyulması, sosial məsafənin saxlanılması və maskalardan istifadə edilməsini yeganə xilas yolu kimi dəyərləndirməlidirlər. İlk növbədə çalışıb yoluxmamaq, xəstələnməmək lazımdır. Çünki xəstələnəndən sonra vəziyyət daha ağır olur".