Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Şamaxı rayon sakinləri də qoşulub.
Şamaxı Rayon İcra Hakimiyyətindən Hit.Az-a verilən məlumata görə, iyulun 8-də rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib.
Mərkəzi Qan Bankının peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiyada xeyli könüllü iştirak edib və hərtərəfli müayinədən sonra 120 nəfərdən qan götürülüb. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları tam yoxlanılıb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyasında sakinlərlə bərabər rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri də fəal iştirak ediblər.