Azərbaycanla Dubay arasında hava əlaqəsi bərpa olunacaqmı?

10:48 / 09.07.2020
922

Dünyanın əksər ölkələri koronavirus pandemiyasının təsirlərindən çıxmaqla xarici ölkələrlə nəqliyyat əlaqələrini bərpa edirlər. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi avqustun 1-dək qüvvədədir. Bu müddətdə ölkə sərhədləri gediş-gəliş üçün bağlı hesab olunur. Ancaq iyulun əvvəlindən etibarən bir sıra ölkələrə hava əlaqəsi bərpa olunmağa başlayıb. Uçuşların bərpa olunduğu ölkələrdən Bakıya ancaq Azərbaycan vətəndaşları və ölkədə yaşamaq icazəsi olanların gəlişinə icazə verilir. Azərbaycandan gedişdə isə hər ölkənin öz tələbi var.

Uçuşların bərpa olunduğu ilk ölkə Türkiyə olub. Əldə edilən razılaşmaya əsasən, AZAL və “Türk Hava Yolları” iyulun 2-dən həftədə hər biri 2 dəfə olmaqla qarşılıqlı uçuşlar həyata keçirir. Bu həftədən etibarən isə AZAL İstanbul-Bakı-İstanbul marşrutu üzrə uçuşların sayını həftədə 4 dəfəyə yüksəldəcək. THY-yə də bu imkanın veriləcəyi gözlənilir. Bu ölkədən Bakıya ancaq Azərbaycan vətəndaşları gəlsə də, Türkiyəyə Bakıdan səfərdə vətəndaşlıq tələbi yoxdur. Yəni istənilən şəxs biletini alıb gedə bilər.

Azərbaycan vətəndaşlarını qəbul edən başqa bir ölkə Belarusdur. Bakı-Minsk reysləri artıq açılıb və biletlər satışa çıxarılıb. Bu ölkəyə getməklə bağlı da vətəndaşlıq tələbi yoxdur.

İyuldan ortalarından Bakıdan Avropaya - daha dəqiqi, Londona da uçuşlar olacaq. Bakı-London təyyarə reysləri 16 iyuldan etibarən həyata keçirilməyə başlayacaq. Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Bakı-Kiyev xüsusi reysləri isə 2 avqustdan həftədə 1 dəfə həyata keçiriləcək. Ancaq bu da son deyil.

Bəs Bakıdan Dubaya necə, təyyarə reyslərinin açılması mümkündürmü? Xatırladaq ki, Dubayda xeyli sayda Azərbaycan vətəndaşı qalıb. Onların bir qismi aprel ayında ölkəyə gətirilsə də, xeyli hissəsi hələ də vətənə qayıtmaq üçün reys gözləyir.

Onu da qeyd edək ki, Azərbaycanın Dubay və ümumilikdə Birləşmiş Ərəb Əmirlikləri ilə ticari və turizm əlaqələri son illərdə xeyli genişlənib. Ötən ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “The Mall” Ticarət Mərkəzində “Azərbaycan Ticarət Evi” açılıb. Rəsmi məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın BƏƏ-də satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dan artıq məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və s. nümayiş olunur. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarja şəhərlərinə ixrac missiyaları təşkil olunub. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan artıq sənəd imzalanıb.

İndiyədək BƏƏ tərəfindən Azərbaycana 2,1 milyard dollar, Azərbaycan isə BƏƏ-yə 330 milyon dollar investisiya yatırılıb. Ölkələr arasında ticarət əlaqələrinə gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 66 milyon dollardan yuxarı olub. Bunun 46 milyon 929,41 min dolları Azərbaycanın, 19 milyon 141,15 min dolları isə BƏƏ-nin idxalının payıdır. Bu ilin 4 ayında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 11 milyon 478,83 min dollar təşkil edib ki, bunun da 7 milyon 312,18 min dolları bizim,  4 milyon 166,65 min dolları isə ərəblərin idxalıdır.

Son illərdə BƏƏ ilə turizm sahəsində də inkişaf müşahidə olunur.  Belə ki, Azərbaycan Turizm Bürosunun BƏƏ-də xarici turizm nümayəndəliyi açılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycandan BƏƏ-yə səfər edənlərin sayı 8 819 nəfər olub. Bunların 8158 nəfəri bilavasitə turizm məqsədilə, 661 nəfəri ilə digər məqsədlərlə gedənlərdir. 

Ötən ilin eyni dövründə BƏƏ-dən gələnlərin sayı 21 min 58 nəfər olub. Amma bu ilin iki ayında BƏƏ-dən ölkəmizə 7 603 nəfər gəlib ki, bunların da 7 291-i sırf turizm məqsədilə gələnlərdir.

2019-cu il ərzində BƏƏ-dən Azərbaycana 68 346 nəfər gəlib, 66 706 nəfəri turist olub. Azərbaycandan bu ölkəyə gedənlərin sayı isə 44 153 nəfər olub ki, bunların da 41 327-si turizm, 2 826-sı digər məqsədlərlə reallaşıb.

Pandemiyaya görə əlaqələrin dayanması Azərbaycanın bütün ölkələrlə, o cümlədən BƏƏ ilə turizm əlaqələrinə ciddi zərər vurub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən,  2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövrdə ölkəmizə gələnlərin 30,2 faizi Rusiya Federasiyası, 27,3 faizi Gürcüstan, 13,2 faizi Türkiyə, 6,7 faizi İran, 2,2 faizi Hindistan, hər birindən 2,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Ukrayna,1,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,3 faiz olmaqla Pakistan, Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Həm Dövlət Turizm Agentliyində, həm də iri turizm şirkətlərində hesab edirlər ki, hansısa ölkəyə xüsusi reyslərin təşkili turizm məqsədli deyil. Agentliyin rəsmisi Kənan Quluzadə bildirir ki, açılanlar xüsusi reyslərdir: “Kütləvi turizm haqqında isə sərt karantin rejimi bitəndən və sərhədlər açılandan sonra danışmaq olar”.

“Milennium Tourism Conqresss” MMC-nin rəhbəri Ruslan Quliyev də karantin dövründə həyata keçirilən reyslərin bilavasitə xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması məqsədi daşıdığı üçün turizmə hər hansı təsirinin olmayacağı qənaətindədir.

Azərbaycan Hava Yolları Dövlət Konserninin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, çarter reysləri Operativ Qərargahın qrafiki əsasında həyata keçirilir. AZAL-ın özünün xüsusi reyslərinə gəlincə, hələlik Dubaya belə reyslərin təşkili ilə bağlı plan açıqlanmayıb.

0
musavat.com