Dünyada koronavirus pik nöqtəsinə çatmayıb: Bəs Azərbaycanda?

ÖLKƏ
19:01 / 09.07.2020
1122

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada COVID-19 epidemiyasının sürətləndiyini, lakin zirvə nöqtəsinə çatmadığını bildirib.

O, virusun çox ciddi olduğunu və heç bir ölkənin etibarda olmadığı xəbərdarlığını edib.

Ölkəmizdə isə yoluxanların sayı ötən aylarla müqayisədə dəfələrlə artıb. Bəzi mütəxəssislər hesab edir ki, virusun ikinci dalğasını yaşayırıq. Tibb elmləri doktoru, professor Adil Qeybulla koronavirusun pik həddini yaşadığımızı düşünür.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan professor bildirib ki, açıqlanan, real hesab edilən statistika ancaq xəstəxanaya qəbul edilənlərdir:

"Bu statistikaya ev şəraitində müalicə olunanlar, öz-özünü müalicə etməyə çalışanlar daxil deyil. Ümumi yoluxanlar qeydiyyata alınsaydı, rəqəmlər hazırda olanın çox-çox üzərində olacaqdı".

O, həmçinin qeyd edib ki, yoluxanlar arasında xəstəxanalara müraciət etməyənlər, başqa həkim taparaq müalicə olunmağa çalışanlar da var.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Transplantologiya kafedrasının professoru Adil Qeybulla virusdan qorunmaq yolunu ancaq karantin rejiminə, şəxsi gigiyenaya riayət etməkdə, panika və təşvişə düşməməkdə görür:

“Mənə bir həkim kimi olan çoxsaylı zənglərdən görürəm ki, insanlar panika və təşviş içindədirlər. Kütləvi psixoz durumu yaranıb. İnsanları təşviş keçirməməyə çağırırıam".

 

2