Bakıda niyə qazonda oturmağa qoymurlar?

19:38 / 09.07.2020
1305

Məlum olduğu kimi, sərt karantin olan yerlərdə 2 saatlıq SMS icazəylə açıq havada gəzmək imkanı verilir. Çimərliklərə qadağa qoyulduğu üçün, Bakı sakinləri əsasən parklara üz tutaraq pikniklər təşkil edirlər. Bu zaman vətəndaşlar polis tərəfindən ot örtüyünü bastalamamaqla bağlı xəbərdarlıqlar aldıqlarını deyirlər.

İctimai fəal Zaur Qurbanlı da bu xəbərdarlığı Dədə Qorqud parkında aldığını deyir. Onun sosial şəbəkədə yazdığına görə, qazon üzərində oturarkən Çevik Polis Alayının əməkdaşları ona yaxınlaşaraq buna icazə olmadığını bildiriblər. Ancaq qadağanın hansı qanunvericilikdə nəzərdə tutulduğunu izah edə bilməyiblər.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ ilə bağlı qanunvericilikdə belə bir qadağa nəzərdə tutulmayıb. Sadəcə müəyyən qurumlar tərəfindən vətəndaşlara tövsiyə edilir ki, ot örtüyü üzərində sanitar qaydalara əməl edilsin.

Bakı şəhər Yaşıllaşdırma Birliyindən də saytımıza bildirilib ki, qanunvericilikdə və ya hansısa təlimatlarda ot örtüyünün üstündə oturmaqla bağlı qadağa yoxdur. Sadəcə qazon örtüyünün məhv edilməsiylə bağlı maddə var:

“Belə ki, Nazirlər Kabinetinin 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” var. Bu qaydalarda ot örtüyünün məhv edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Həmin qaydada ağaclar diametr ölçüsüylə götürülür. Ot örtüyünü kimsə qanunsuz dağıdırsa o zaman dəymiş ziyanın hər kvadratı 50 manatdan hesablanır. Bakı, Gəncə və Sumqayıtda 150 manatdan hesablanır.

Ancaq sanitar qaydalara əməl etməməyə görə cərimə yoxdur. Cərimə yalnız ot örtüyünün məhv edilməsinə görə nəzərdə tutulub. Vətəndaşlardan sadəcə bir tələb və xahişimiz var. Ot örtüyünü yaşıllıq, estetik gözəllik və insanların istirahəti üçün salırlar. Elə vətəndaşlarımız var ki qazonun üstündə oturub sanitar qaydalara əməl etmirlər və ot örtüyünü çirkləndirirlər. Siqaret kötüklərini, tumları, yemək qırıntılarını qazonun üstünə atırlar. Bu zaman biz vətəndaşın bu hərəkətlərinə görə qazonun üstündə oturmasına imkan vermirik. Polis də buna nəzarət edə bilir. Kiminsə oturmasına qadağa yoxdur. Vətəndaşlar sanitar qaydalara əməl etsinlər və özlərindən sonra zibil saxlamasınlar”.

 

0