"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılıb."
Bu barədə Hit.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsindən Zaqatala hərbi prokurorluğuna əsgər Yarəliyev Fərdi Namik oğlunun Alazan çayında suda bataraq ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Zaqatala hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
Mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili mayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrini həqiqətə uyğun olmayan məlumatları və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edir", - Mətbuat Xidmətindən bildirilb.