“Buzlu şüşə” görüntüsünün aşkarlanması təkcə koronavirus infeksiyasına xas olan spesifik məqam deyil. Əslində, “buzlu şüşə” qeyri-spesifikdir. Bir çox xəstəliklər var ki, onların diaqnostikası zamanı bu mənzərə ilə qarşılaşa bilərik. Bu sindrom həm infeksion xəstəliklərdə, həm ağciyər ödemində və digər bir sıra xəstəliklərdə müşahidə edilir. Eyni zamanda, ağır travmadan sonra zədələnən ağciyərdə qansızma olduqda, bu da KT müayinəsi zamanı “buzlu şüşə” kimi görünə bilir. Bu misalı ona görə çəkirəm ki, KT müayinəsində “buzlu şüşə” görüntüsü olan adama 100 faiz “koronavirusa yoluxub” deyə bilmərik. Ona görə də, burada əsas məsələ “buzlu şüşə” mənzərəsi ilə yanaşı, xəstənin anamnezini, klinik və laborator müayinələrinin nəticələrini kompleks şəkildə incələmək və dəyərləndirməkdir. Yalnız xəstənin ümumi müayinələrinin nəticələri qiymətləndirildikdən sonra yekun diaqnoz qoyub, onun COVID-19-a yoluxub-yoluxmadığını demək mümkündür".
HİT.Az xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində Mərkəzi Gömrük Hospitalının həkim radioloqu Emin Məmmədov deyib.
Onun szlərinə grə, bu gün daha çox koronavirusun diaqnostikası zamanı qarşılaşılan “buzlu şüşə” mənzərəsi vətəndaşlar tərəfindən qəribə qarşılanır: "Buna bəzən “buzlu şüşə” sindromu da deyirlər, “buz kristalı”, “buz parçası” da adlandırırlar. Bu ad insanlarda təlaş, narahatlıq yaradır. Amma bu halın tibbi cəhətdən izahı KT müayinəsi zamanı ağciyərlərin bulanıq görünməsidir. Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir.
Çünki normalda müayinə zamanı ağciyərlər tam şəffaf, havalı görünür. Ağciyərlərin görüntüsü yarımşəffaf, bulanıq, sanki dumanlı formada izlənildiyində isə buna “buzlu şüşə” mənzərəsi deyirik. Amma bu zaman ağciyərlərin strukturu, pulmonar damarlar, bronxlar aydın müşahidə edilə bilir".