Laçının işğalından 28 il ötür

14:58 / 15.05.2020
1365

1992-ci il mayın 17-də Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, Laçını işğal edib. İşğal 18 mayda tam başa çatıb. Düz 27 il əvvəl törədilən işğalın acı nəticələrini bu gün də yaşayırıq. Laçının işğalı damarında azərbaycanlı qanı dövr edən hər kəs üçün çox ağırdır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın işğal olunmamışdan bir gün qabaq, Azərbaycanın dağınıq halda olan silahlı dəstələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Bu işğala səbəb o vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə aparan antimilli qüvvələrin fəaliyyəti idi. Laçının işğalı Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin yaranmasına gətirib çıxardı. İşğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi-mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi. Rayonun işğalı nəticəsində, 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Bu statistik rəqəmlər Laçının erməni qəsbkarları tərəfindən necə zəbt olunmasını açıq-aydın göstərir. Bütün dünyanın və beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atırlar.

"LAÇINLILARIN EVLƏRİNDƏ İNDİ DÜŞMƏNLƏR YAŞAYIR"

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: "Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da, bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir". Prezident İlham Əliyev Laçın rayonunun bu vəziyyəti ilə barışmağın mümkün olmadığını bildirib.

"AZƏRBAYCANINƏRAZİBÜTÖVLÜYÜBƏRPAEDİLMƏLİDİR, BÜTÜN KÖÇKÜNLƏR ÖZ DOĞMA TORPAQLARINA QAYITMALIDIRLAR"

İndi Azərbaycan dünyada böyük nüfuz sahibi olan dövlət kimi tanınır. Azərbaycanın iqtisadi potensialı və hərbi gücü, onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarmızın azad olunacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" deyən Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənir: "Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik göstəricilərdə".

Azərbaycan danışıqlar prosesini hər zaman ardıcıl olaraq, davam etdirir. Beynəlxalq təşkilatların qərarları və qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə etsə də, erməni lobbisi və havadarları ermənilərə dəstək olurlar. Ermənistan beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. "Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin, imkan versin və Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır" deyən Cənab İlham Əliyev dünya erməniliyinin və onların arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində, bu məsələnin də, dondurulmuş vəziyyətdə qaldığını bəyan edir.

"BİZ İSTƏNİLƏN YOLLA ÖZ ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ BƏRPA EDƏCƏYİK"

Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən, Laçında yeni inkişaf dövrü yaşanılacaq. Buna Azərbaycanın iqtisadi gücü çatar. Bu gün respublikamızın, ümumilikdə, 59 rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşib. Məcburi köçkünlər üçün burada yeni yaşayış qəsəbələri, parklar salınıb və Şəhidlər Kompleksi ucaldılıb. Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə bütün imkanlar yaradılsa da, dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti, birmənalı şəkildə, müdafiə edən laçınlılar el-obalarına - Laçına getmək arzusundadırlar. Ölkəmizin artan beynəlxalq nüfuzu və hərbi qüdrəti onların dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə əminlik yaradıb. İyirmi yeddi illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək. Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızın geri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: "Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

"ORDU QURUCULUĞU, MÜDAFİƏ POTENSİALININ MÖHKƏMLƏNMƏSİ VƏ GÜCLÜ ORDUNUN YARANMASI DÖVLƏT ÜÇÜN, HÖKUMƏT ÜÇÜN VƏ HƏR BİR VƏTƏNDAŞ ÜÇÜN BİR NÖMRƏLİ VƏZİFƏDİR"

Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Laçını sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir. MDB çərçivəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır" fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən qaynaqlanır.

Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə, son illər ərzində, böyük işlər görülüb. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".

ERMƏNİSTANIN, ONUN İŞĞALÇILIQ SİYASƏTİNİN HEÇ BİR PERSPEKTİVİ YOXDUR

Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Dağlıq Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Zümrüd BAYRAMOVA

0
Sia.az