“Hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb. Səbəblər çox ola bilər. Sadəcə olaraq, mən öz fikirlərimizi bölüşmək istəyirəm, fakt odur ki, Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törədilməyib. Amma layiqli cavab verildi”.
HİT.Az xəbər verir ki, bunu iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident çıxışının davamında “Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”,- deyib.