“Yataqxanadan çıxarırlar, getməyə yerimiz yoxdur” deyir - “QaçqınKom” təkzib edir

ÖLKƏ
10:50 / 18.07.2020
1048

Azərbaycan Texniki Universitetinin 4 saylı yataqxanasında məskunlaşmış məcburi köçkün Qəmbərovlar ailəsi mənzillə təminat baxımından problem yaşadıqları üçün redaksiyamıza müraciət edib.

Şikayətçi Qəmbərova Şəlalə Vaqif qızı “Qafqazinfo”ya bildirib ki, həyat yoldaşı Qəmbərov Namiq Astan oğlu məcburi köçkün və şəhid ailəsinin üzvüdür. İddialarına əsasən, 20 ildən çoxdur ki, yataqxanada yaşasalar da, onlara ev verilmir. Ş. Qəmbərovanın sözlərinə görə, buna səbəb kimi illər əvvəl adına torpaq sahəsinin olması göstərilir:

“Qardaşım Abdulov Yusif Vaqif oğlu həkimdir və xaricdə fəaliyyət göstərir. İllər əvvəl onun üçün öz adıma həyətyanı sahəsi almışıq. Daha sonra həmin torpaq sənədli formada qardaşımın adına keçirilsə də, mənim olduğunu iddia edirlər. Hazırda həmin evdə qardaşımın ailəsi, anam və digər ailə üzvlərimiz yaşayır. Bizə də deyirlər ki, gedib həmin evdə qalaq. İki övladım var və ikisi də bu günə kimi Yasamalda orta məktəbdə oxuyub. Araşdırma aparılsa, 20 ildir, burada yaşadığımız məlum olacaq. Həqiqətən getməyə yerimiz yoxdur. Ancaq bizə deyilir ki, hazırda yataqxananı tərk etməliyik. Qızım ali məktəbə hazırlaşır. Ancaq işıqlarımız kəsildiyi üçün xeyli problemlə qarşılaşır”.

Şəlalə xanım həmçinin həyat yoldaşının 8 qohumunun Xocalı Soyqırımında qətlə yetirildiyini, bu səbəbdən şəhid ailəsi statusuna sahib olduqlarını vurğulayıb: “Şəhid ailələri hətta adlarında mülkiyyət olsa belə mənzillə təmin olunmalıdır”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Dövlət Komitəsində fəaliyyət göstərən evvermə komissiyasının işçi qrupunun apardığı araşdırma zamanı Qəmbərova Şəlalə Vaqif qızının Abşeron rayonunun Saray qəsəbəsində, ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin olduğu aşkar edilib:

“Bu fakt ərazidə yaşayan digər vətəndaşlar, Qəmbərova Şəlalənin qonşuları və evin əvvəlki sahibi tərəfindən təsdiqlənib. Araşdırmanın nəticələri, müvafiq qaydada, foto-video çəkilişlərlərlə sənədləşdirilərək qeydə alınıb. Qəmbərova Şəlalə Saray qəsəbəsindəki üzərində fərdi ev tikilmiş torpaq sahəsinin mülkiyyət hüququnu (çıxarışını) sonradan başqa şəxsin adına dəyişib.

Xatırladırıq ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən tənzimlənir. Qaydanın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir”. İ. Mirzəyev son olaraq qeyd edib ki, ailədə şəhid statusu Namiq Qəmbərovun anasındadır. O, da Binəqədidə Komitə tərəfindən yeni mənzillə təmin edilib.

 

0