Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı sürətlə azalmağa başlayır

ÖLKƏ
19:13 / 18.07.2020
1213

Cəlal İsayev: “Sağalanların sayının artması reanimasiyada olan xəstələrin sayına təsir edir”

Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun - COVID-19-un yayılmasının qarşısının alınması üçün aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə müxtəlif addımlar atır. Lakin hələ də qlobal pandemiyanın qarşısını tam almaq mümkün olmayıb.

Koronavirus bütün dünyada insanları daha aqressiv şəkildə yoluxdurmağa və can almağa davam edir. Bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusuna yoluxma hallarının yenidən artmağa başladığı ölkələrin sakinlərini evdən imkan daxilində az hallarda çıxmağa çağırıb.

Ölkəmizdə də koronavirusla mübarizə aparılır. Bu istiqamətdə görülən işlər artıq müsbət nəticəsini verir. Belə ki, son günlərin statistikasına nəzər salsaq görərik ki, koronavirusa yoluxanların sayı ilə sağalanlar arasında fərq yaranıb. Belə ki, koronavirusdan sağalanların sayı son günlər artmaqda davam edir. Digər sevincli xəbər isə reanimasiyada olan xəstələrin sayı ilə bağlıdır. Rəsmi məlumatlarda qeyd olunur ki, son günlər reanimasiyada olan xəstələrin sayı azalıb. Bu isə o deməkdir ki, koronavirusdan əziyyətdən çəkənlər sağalır.

“Sağalanların artması xəstələrin sayının azalmasına səbəb olur ki, bu da xəstəxanaların üzərinə düşən yükün azalmasına təsir göstərir”

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirdi ki, ölkəmizdə koronavirusla bağlı vəziyyət son iki gündə arzuediləndir. Yəni yoluxanların sayı azalır, sağalanlar isə artır. Sağalanların sayının artması reanimasiyada olan xəstələrin sayına təsir edir. Çalışırıq ki, yoluxma sayı daha da azalsın. Sağalanların artması xəstələrin sayının azalmasına səbəb olur ki, bu da xəstəxanaların üzərinə düşən yükün azalmasına təsir göstərir. Bu, gözəl nəticədir:“Daha iki həftəlik sərtləşdirilmiş karantin rejimi ilə xəstə sayının azalması, sağalan insanların daha çox olması gələcəkdə ciddi yumşaldılma tədbirlərinə gedilməsinə imkan verəcək”.

Son olaraq bildirək ki, insanlar başa düşməlidirlər ki, indiki məqamda önə çıxan məsələ şəxsi məsuliyyətdir. Qaydalara nə qədər çox riayət edilirsə, yoluxma o qədər az qeydə alınır. Qaydalara əməl edilmədikdə isə yoluxma sayı artır. Ona görə də hər kəs məsuliyyətli olmalı, üç sadə qaydaya əməl etməli, özünü, yaxınlarını qorumalıdır.

 

0
Bakixeber.com