FHN generalının adı cinayət işində hallanır - TƏFƏRRÜAT

ÖLKƏ
15:53 / 20.07.2020
2243

Fövqəladə Hallar Nazirliyinin (FHN) generalının adından sui-istifadə edərək dələduzluq etməkdə ittiham olunan Ramid Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramid Şirinov tanışı İsa Fərəcovdan sonuncunun həmyerlisi Əlizadə Xəlilovun oğlu Məhəmməd Xəlilovu Fövqalədə Hallar Nazirliyinə işə düzəltmək arzusunda olmasını öyrənib.

Daha sonra o, etibardan sui-istifadə etmək yolu ilə Əlizadə Xəlilovun əmlakını ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə Ramid Şirinovun cinayətkar niyyətindən məlumatlı olmayan İsa Fərəcov vasitəsilə Əlizadə Xəlilova oğlu Məhəmməd Xəlilovu 2500 manat pul vəsaiti müqabilində Fövqəladə Hallar Nazirliyində işə düzəldə bilmək imkanlarının olmasını bildirib.

İşə düzəlmək üçün zəruri olan bir neçə sənədin, o cümlədən şəxsiyyət vəsiqəsinin, hərbi biletin və atestatın sürətlərini çıxararaq ona verməsini deməklə, Əlizadə Xəlilovu inandırıb.

8 iyun 2018-ci il tarixdə saat 20 radələrində Hacıqabul rayonu, Padar kəndi ərazisində yerləşən Sabirabad Körpüsünün yanında Əlizadə Xəlilovla görüşüb, sonuncunun “Mercedes 190” markalı 49-BF-191 dövlət qeydiyyat nömrəli avtomobilində Məhəmməd Xəlilovu 2500 manat pul vəsaiti müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi barədə bir daha yalandan vəd verib, razılığını aldıqdan sonra yuxarıda qeyd olunan sənədlərlə birlikdə 2500 manat məbləğində pul vəsaitini alıb. Ramid Şirinov vədinə əməl etməməklə zərərçəkmişi aldadıb.

İstintaq orqanı tərəfindən Ramid Şirinovun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Əlizadə Xəlilov bildirib ki, oğlu Məhəmməd 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra onu işə düzəltmək qərarına gəlib:

“Bu məqsədlə Əlikişi kimi tanıdığım, lakin sonradan adının İsa Fərəcov olduğunu bildiyim şəxsə oğlumu Fövqalədə Hallar Hazirliyinə işə düzəltmək barədə bildirdim. İsa Fərəcov da söhbət zamanı bir nəfər tanıdığını, həmin şəxsin general olduğunu bildirdi. 2018-ci ilin iyun ayının əvvəllərində İsa Fərəcovu Saatlı rayonunun mərkəzi bazarında gördüm. İsa Fərəcov işə düzəldən adamla danışdığını, ümumilikdə 6500 manata işin həll olunacağını bildirdi. İsa mənə həmin şəxsin puldan əvvəlcə 2500 manatını, iş düzəldikdən sonra isə qalan 4000 manatı verməli olduğunu bildirdi. Mən də razılaşdım”.

Zərərçəkmişin ifadəsinə görə, 8 iyun 2018-ci ildə saat təxminən 18 radələrində İsa Fərəcov ona zəng edib:

“İsa Fərəcov işə düzəldən adamla əlaqə saxladığını, pulu və bəzi sənədləri götürüb, yanına getməli olduğumuzu bildirdi. Oğlum Məhəmmədə aid olan sənədlərin surətlərini çıxartdım, general kimi özünü təqdim edən şəxsin dediyi yerə, yəni Bakı-Kürdəmir istiqamətində, Hacıqabul rayonu ərazisinə getdik.Görüş yerinə çatdıqdan sonra İsa özünü general kimi təqdim edən Ramid adlı şəxsə zəng etdi, təxminən 1 saatdan sonra həmin şəxs gəldi, mənimlə görüşdü. Söhbət zamanı Ramid mənə özünü təqdim etdi, 2 aya oğlunu işə düzəldəcəyini dedi. Ramid Şirinov mənə məxsus avtomobildə olarkən oğlumun hansı məktəbi bitirdiyini, harada hərbi xidmətdə olduğunu soruşdu və özündə olan kitabçasında qeydiyyatlar apardı. Sonra həmin qeydiyyat apardığı kitabçada oğluma imza etdirib, mobil nömrələrimizi kitabçaya qeyd etdi”.

Əlizadə Xəlilov qeyd edib ki, bundan sonra 2500 manat pulu Ramidə verib:

“Aradan 1 il 6 aya yaxın müddət keçsə də, Ramid oğlunu işə düzəltmədi. Hər dəfə müxtəlif bəhanələrlə məni aldadaraq pulumu da geri qaytarmadı. Ramid Şirinov əvvəllər də eyni əməllərə görə məhkum olunub. Hazırda Ramid Şirinov ona dəymiş 2500 manat maddi ziyandan 2250 manatını qaytarıb, qalan 250 manatını isə qaytarmayıb”.

Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Ramid Şirinov 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş Əlizadə Xəlilov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmişin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

2