Oğru məmurları necə islah etməli? (Açıqlama)

15:03 / 28.04.2020
1685

Fəzail Ağamalı: "Köhnə təfəkkürə malik, öz tamahını cilovlaya bilməyənlər..."

Bəzi icra məmurları hətta ölkə rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, xalqın pulunu mənimsəməkdən əl çəkmirlər. Bundan öncə həbs edilən icra başçılarının taleyi də onlara dərs olmur, qorxmurlar. Son olaraq İsmayıllının icra nümayəndəsinin həbsi bunu bir daha göstərir.

Qısa olaraq məlumat verək ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib. Müəyyən edilib  ki, o, öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub. Bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

Musavat.com-a danışan deputat Fəzail Ağamalı bildirib ki, bəzi məmurlar baş verənlərdən dərs çıxarmalı, dəyişməlidirlər: "Ölkə Prezidenti 2018-ci ilin aprel ayında prezident seçildikdən sonra bütün çıxışlarında, ayrı-ayrı məmurlarla apardığı görüşlərdə, tapşırıqlarında və eyni zamanda ciddi xarakter daşıyan müşavirələrdə hər zaman Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu önə çəkib. Cənab Prezident bu çıxışlarda aparılan islahatların üzərində dayanıb və eyni zamanda məmurların müasir çağırışlara uyğun olaraq, öz davranış və hərəkətlərində, idarəetmə sistemindəki iş qaydalarında tamamilə yeni dəyərlərə söykənməli olduqlarını bildirib. Bildirib ki, köhnə üsulla idarəetmədən imtina edib, insanlara qarşı açıq olmalıdırlar. Eyni zamanda fəaliyyətlərində korrupsiyaya, rüşvətxorluğa zərrə qədər imkan verməyib, buna əsas yaratmalı deyillər. Yəni xalqın xidmətçisi kimi məmur olaraq əhaliyə yüksək səviyyədə xidmət etməlidirlər. Bunların hamısını ölkə Prezidenti deyib və düşünürəm ki, bundan üstün söz ola bilməz. Təbii ki, biz də bütün bunlara söykənərək, ölkə Prezidentinin Azərbaycanın dövlətçiliyinin güclənməsinə xidmət edən fikirlərinə, xalqla-məmur, cəmiyyətlə-dövlət arasında münasibətlərin daha yüksək səviyyədə qurulmasına çalışmalıyıq. Xalqımızla dövlətimiz arasındakı münasibətlərin daha da güclənməsinə xidmət edən bu tapşırıqlara məmurların mütləq əksəriyyəti əməl edir. Artıq yeni təyin edilən məmurlarla bağlı biz xoşagəlməz məqamlara rast gəlmirik. Hər halda, bu haqda kütləvi informasiya vasitələrində məlumatlar yoxdur. İnsanlar bununla bağlı sosial şəbəkələrdə bu və ya digər şəkildə fikirlərini ifadə etmirlər. Ancaq görünür ki, köhnə təfəkkürə malik olan, öz tamahını cilovlaya bilməyən və eyni zamanda fəaliyyətində dönüş yaratmağı bacarmayanlar bu cür problemlər yaradırlar".

Deputat bildirib ki, onların fəaliyyəti  bəllidir və bu şəxslər öz hərəkətlərinə görə qanun qarşısında cavab verirlər: "Hesab edirəm ki, bütün bunlar epizodlardır. Azərbaycan yeni mərhələyə qədəm qoyub. Ona görə də buna nisbi yanaşıram. Düşünürəm ki, bu cür epizodlar bundan sonra da ola bilər, lakin əvvəlki kimi çoxluq təşkil etməyəcək. Hər kəs ölkə Prezidentinin bu baxımdan iradəsinin ortada olduğunun fərqindədir. Prezidentin kimsəyə güzəştə getməyəcəyi hər kəs üçün məlumdur. Çox arzu edərdik ki, bundan nəticə çıxarsınlar və azad yaşamağı hər şeydən üstün tutsunlar. Ayrı-ayrı məmurlar törətmiş olduqları cinayət əməllərinə görə həbs olunublar. Onlar artıq azadlıqdan məhrum ediliblər, ailədən, yaxınlarından tamamilə təcrid olunublar. Görün ki, onlar özlərini normal həyatdan hansı vəziyyətə salıblar. Bütün bunlardan nəticə çıxarmaq lazımdır. Ümid edirəm ki, aparılan islahatlar və ölkə Prezidentinin iradəsinin dönməz xarakter alması bu cür halları qısa zaman kəsiyində tamamilə aradan qaldıracaq".

0