Avtobuslarda sərnişin sıxlığı necə tənzimlənir?

20:02 / 21.07.2020
897

Gün ərzində sərnişin tələbatı yüksək olan avtobus dayanacaq məntəqələri nəzarətdə saxlanılır. Səhər və axşam saatlarına uyğun olaraq sərnişin tələbatı yüksək olan dayanacaq məntəqələri dəyişə bilir.

HİT.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, səhər saatlarında sərnişin axını Əhmədli, 8-ci kilometr, Qara Qarayev prospekti istiqamətindən şəhərin mərkəzinə doğru daha çox müşahidə edilir.

"Axşam saatlarında isə tam əksinə, şəhər mərkəzindən bu istiqamətdə kənd və qəsəbələrə sərnişin axını müşahidə olunur. Sərnişin sıxlığının aradan qaldırılması üçün ərazidə olan nəzarətçilərə məlumat verilir. Yaxın ərazidə ehtiyat avtobuslar saxlanılır.

Hər gün ekspress xətlər üzrə xəttə 100 avtobus çıxarılır. Bir o qədər sayda avtobus ehtiyatda saxlanılır. Həmin ehtiyat avtobuslar sərnişin daşımalarına cəlb olunur. Ehtiyat avtobusların sərnişin daşımaya cəlb olunması özü-özlüyündə çətin prosesdir. Çünki sürücü dərhal bir xətdən digər xəttə keçirilir və marşrutun sürücüyə çatdırılması üçün imkanlar məhduddur".

M.Ağayev bildirib ki, istər aprel və may aylarında tətbiq olunan sərt karantin zamanı, eyni zamanda son sərtləşdirilmiş karantin dövründə sərnişin daşımaları ciddi problem yaşanmadan icra olunub: "Nəqliyyatın İntellektual İdaretmə Mərkəzi tərəfindən yollara nəzarət olunur. Hansı yollarda sıxlıq varsa, işıqfora yaşıl dalğa tətbiq olunur və buna əsasən avtobusların hərəkət istiqamətində yollarda nəqliyyat axını tənzimlənir".

0