Biz bilirik, nə vaxt, nəyi, necə etmək lazımdır - İlham Əliyev

ÖLKƏ
18:01 / 21.07.2020
1088

“Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub”.

HİT.Az xəbər verir ki, bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan ordusu Tovuz istiqamətində torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb:

“Dərhal lazımi tədbirlər görülüb, qisas əməliyyatı keçirilib və qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib. Onların texnikası məhv edilib. Yəqin ki, siz də internetdə o görüntüləri görmüsünüz ki,  Azərbaycan ordusu sərrast atəşi ilə dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastruktur necə məhv edir! Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, onu edə bilməzdik”.

Dövlət başçısı deyib ki, bu gün Azərbaycan ordusu tam komplektləşdirilib: “Əgər bizə əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Hələ ki, səfərbərliyin elan edilməsinə heç bir ehtiyac yoxdur. Əgər lazım olarsa, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm. Biz bilirik, nə vaxt, nəyi, necə etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir, və beynəlxalq hüquqa, tarixi ədalətə söykənir. Biz istədiyimizə nail olacağıq”.

0