Neftçala rayon İcra Hakimiyyəti keçmiş hərbçi Rəşid Rəhimovun mətbuat vasitəsilə səsləndirdiyi ittihamlara cavab verib.
HİT.Az xəbər verir ki, İcra hakimiyyəti sözügedən şəxsin Qarabağ müharibəsi əlili olmadığını bildirib.
RİH-in yaydığı açıqlamada qeyd edilib ki, həmin şəxs ümumi səbəbdən ikinci dərəcəli əlildir:
“R. Rəhimov fərdi yaşayış evi inşa etmək məqsədilə köməklik olunması ilə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinə dəfələrlə müraciət edib və Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov təyinatından cəmi 5 (beş) gün sonra icra başçısı tərəfindən 10.03.2020-ci il tarixində qəbul edilib. Müraciətə əsasən, Rayon İcra Hakimiyyəti başçısının müvafiq tövsiyəsi ilə Neftçala bələdiyyəsi tərəfindən 500 manat dəyərində taxta və digər tikinti materialları Rəşid Rəhimova verilib.
Onun ailə vəziyyəti nəzərə alınaraq həyat yoldaşı Rəhimova Gülər Bəylər qızı 01.06.2019-cu il tarixdən və qardaşı Rəhimov Rəşad Vaqif oğlu 27.01.2020-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi işə götürülüb və onlarla əmək müqaviləsi bağlanıb.
Şirvanlı kəndi ərazisində Xəzər dənizi sahilində “Rayon İcra Hakimiyyəti başçısı tərəfindən istirahət mərkəzinin tikintisi” ilə bağlı qeyd edilən fikirlər əsassız, şər və böhtandır. Diqqətinizə çatdırırıq ki, Şirvanlı kəndi ərazisində Xəzər dənizinin sahilində 48000 m2 ərazi çimərlik məqsədilə əhali tərəfindən hər zaman ödənişsiz istifadə edilib.
Bir daha vurğulayırıq ki, R.Rəhimov tərəfindən Kütləvi İnformasiya Vasitələrinə ünvanlanan müraciətdə qeyd olunan fikirlər əsassız, şər və böhtan xarakterli məlumatlardır. O və onun kimi bəzi vətəndaşlar bundan öncə də müxtəlif vaxtlarda, rəhbər şəxslərin fəaliyyətinə kölgə salmaqla öz mənfur niyyətlərinə nail olmaq üçün müxtəlif mətbuat orqanlarına həqiqəti əks etdirməyən yalan məlumatlar verməklə məşğuldur. Neftçala rayon İcra Hakimiyyəti bəzi media nümayəndələrinə bu haqda məlumatı yaymadan öncə qarşı tərəfin mövqeyini öyrənməyi və icra hakimiyyətinin əlaqə vasitələrinə sorğu ilə çıxış etməyi tövsiyə edir”.