“Hələlik sərt karantin dövrü davam etdiyindən 190 manatlıq birdəfəlik ödəmələrə ehtiyac var. Nəzərə alaq ki, iyul ayında da bötüvlükdə sərt karantin tətbiq edilir”.
HİT.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov işsiz vətəndaşlar üçün ödənilən vəsaitlərin bloklaşdırılmasına münasibət bildirərkən deyib.
V.Əhmədov deyb ki, çox sayda insanlar bununla bağlı müraciət edir:
“Mart ayından indiyədək bəziləri istisna olmaqla, əksər sahələrin fəaliyyəti dayandırılıb. İnsanlar faktiki olaraq işsiz, çörəkpulusuz qalıb. Bunları nəzərə almaq lazımdır. Vətəndaşlar dolana bilmir. Doğrudur, dövlət büdcəsində müəyyən problemlər yarana bilər, amma insanları çətin vəziyyətdə qoymaq olmaz. Bildiyiniz kimi, cənab Prezident dünən su ehtiyatları ilə bağlı geniş iclas keçirdi. Bu sahədə ciddi problemlər ortaya çıxıb. Onların həlli üçün də kifayət qədər vəsait lazımdır. Amma mən hesab edirəm ki, əhalinin gündəlik ehtiyaclarını ödəməsi üçün 190 manatın verilməsi davam etdirilməlidir. Çünki hələ də 14 rayon və şəhərdə sərt karantin davam edir”.
Deputat həmçinin deyib ki, iyun ayı üçün nəzərdə tutulan ödənişlər kimlərə verilməlidirsə, bu ödənişlər kəsilməməlidir:
“Vətəndaşın kartı niyə bloklanmalıdır?! Bəlkə o dərmanpulu saxlayıb, hansısa ehtiyacı üçün az-az xərcləyəcək onu. Bəlkə vətəndaşın problemi olub, bəlkə borc alıb, kartdan pulu çıxara bilməyib?! Düşünürəm ki, bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. İş yeri bağlı və ümid yeri kartdakı 190 manat olan vətəndaş sərt karantində nə ilə dolanır?! Bunu da düşünmək lazımdır”.