İyulun 24-də Ağdam rayon polis şöbəsinin əməkdaşlarına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı prokurorluğa məlumat daxil olmuşdur.
Ağdam Rayon Prokurorluğundan HİT.Az-a verilən məlumata görə, araşdırmalarla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Ağdam rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Cavid Quliyev və Razi Naibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşlar.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.