HİT.Az Azərbaycanın yeni Təhsil naziri Emin Əmrullayevin 6 il əvvəkli müsahibəsini - "Uğur hekayəsi"ni təqdim edir:
Rubrikamızın bu dəfəki qonağı Amerikanın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alan və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının məzunu olan Emin Əmrullayevdir. Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olan həmsöhbətimiz hazırda Təhsil Nazirliyinin Keyfiyyətin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışır.
- Emin bəy, xaricdə kifayət qədər məşhur universitetlərdə təhsil almısınız. Xaricdə təhsil sizə nə verdi?
- Hər bir Azərbaycan gənci xaricdə yaşayıb, digər ölkələrdəki insanların dünyagörüşü, mədəniyyəti ilə tanış olmaq istəyər. Çünki belə təcrübə insana hər zaman lazım olur. Xaricdə təhsil mənim də həyatımda istər təhsil almaq, istərsə də dünyagörüşümü artırmaq baxımından çox şey qazandırdı. O ölkələrdə oxuduğum illər ərzində həm nəzəri, həm də praktik cəhətdən müxtəif insanlarla, fərqli mühitlərlə tanış oldum. Təbii olaraq bu gün imza atdığım işlərdə xaricdə qazandığım təcrübənin önəmi danılmazdır.
- Uğurlu karyerada təhsilin önəmi nə qədərdir?
- Məncə, uğurlu karyerada ən önəmli faktorlardan biri təhsildir. Çünki, təhsil insanın həm dünyagörüşünün formalaşmasında, həm də onun müəyyən mənada cəmiyyət üçün yararlı olması, işlədiyi yerdə faydalı olması baxımından önəmli rol oynayır. Bu baxımdan düşünürəm ki, məhz təhsilin hesabına uğurlu karyera qurmaq olar. Qabaqcıl universitetlərdə təhsil almağın böyük əhəmiyyəti ondan ibarətdir ki, hər bir ölkələrdən fikirləri müxtəlif olan insanlarla ünsiyyət imkanı əldə edirsən. Təbii olaraq, təhsil aldığın zaman əldə etdiyin müəyyən bilikləri iş zamanı tətbiq etdikdə, uğur əldə etmək olur.
- Sizcə, uğurlu karyeranın formulu nədir?
- Məncə, karyeranın xüsusi bir formulu yoxdur. Çünki insanlar fərqlidir və eyni formul hamıda işləmir. Demək olmaz ki, mütləq şəkildə bu və ya digər keyfiyyətlərə malik olan insan uğurlu karyera qura bilər. Amma ümumilikdə götürdükdə, əsas məsələ insanın öz işinə məsulliyyətlə yanaşmasıdır. Bununla yanaşı, hər bir insan müəyyən mənada özünün həyat prioritetlərini müəyyən etməli, qarışıya qoyduğu məqsədə çatmaq üçün səy göstərməlidir. Ən əsası isə əməksevər olmalıdır. Bu keyfiyyətləri olan insanlar uğurlu karyera qurmağa daha yaxındırlar. Amma ola bilər ki, hər hansı bir insan heç bir vəzifədə olmadan gənc yaşında insanların həyatlarını müsbət mənada dəyişə bilən bir işlə məşğul olsun. Zənnimcə, bu da uğurlu karyeradır. Gənclərin boyunlarına düşən sosial vəzifə, inzibati daşıdığı vəzifələrdən daha önəmli olmalıdır. Uğurlu karyera qurmaq üçün rəhbər vəzifədə olmaq mütləq deyil.
- Hazırda rəhbər vəzifəsində çalışırsınız? Sizcə rəhbər olmaq üçün bir gəncə nə lazımdır?
- Rəhbər formal vəzifədir və bu vəzifə müəyyən mənada insandan xüsusi keyfiyyətlər tələb edir. Rəhbər olmağın digər vəzifələrdən fərqi odur ki, bu vəzifəni icra edən şəxsin səlahiyyətləri və məsuliyyətləri daha da artır. Səlahiyyətlərin artması daha çox səriştə tələb edirsə, məsuliyyətlərin artması daha çox çalışqanlıq, diqqət və müəyyən mənada işinə qarşı səhlənkar olmamağı tələb edir. İnsan bunu dərk edirsə, öz işində uğurlu olur və rəhbər kimi işlərini icra edə bilir.
- Bundan öncə özəl sektorda çalışmısınız. Necə oldu ki, Təhsil Nazirliyinə gəldiniz?
- Xaricdə dövlət proqramı ilə təhsil aldığıma görə, dövlət qulluğu imtahanlarından müəyyən mənada azad olunmuşdum. İxtisasım dövlət idarəçiliyi üzrə olduğu üçün xaricdə təhsil alan gənclərin dövlət qulluğuna cəlb edilməsi istiqamətində görülən işlər nöqteyi nəzərindən Təhsil Nazirliyində işləmək kimi imkan yarandı və bu imkandan istifadə etdim.
- Hazırda tutduğunuz vəzifənin xüsusiyyətləri və çətinlikləri nələrdir?
- Bizim işimizin əsas xüsusiyyəti hər bir işdə olduğu kimi ətrafda olan yenilikləri düzgün başa düşmək, mövcud ehtiyacları qiymətləndirmək və həmin ehtiyaclara uyğun qərarlar qəbul etməkdir. Bu iş də insandan yaradıcı olmağı tələb edir. Dövlət qulluqçusunun işi adətən bürokratik işdir, burada böyük rəsmiyyət var. Qərar vermək səlahiyyəti olduqda isə daha yaradıcı və diqqətli olmalısan. Çünki, sənin verdiyin hər hansı bir qərar məsələni köklü şəkildə dəyişə bilir. Çətinliklərə gəldikdə isə, bu işin çətinliyi məsuliyyətdir. Çünki, burada verilən qərarlar bir çox insanların həyatını həm yaxşıya, həm də pisə doğru dəyişə bilər. Amma ümumilikdə götürdükdə işlərimiz çox maraqlıdır. Müəyyən mənada insanlara faydalı olmağa çalışırıq.
- Uzun müddət gənclərlə çalışan birisi kimi, sizcə, bizim gənclərdə çatışmayan cəhətlər nədir?
- Bu gün gəncləri qınamaq ən asan yoldur. Hər kəs müasir gəncliyi qınayır. Bir çox problemlər təbii olaraq mühitlə əlaqəlidir. Lakin bir sıra nüanslar da var ki, gənclər bunun səbəblərini özlərində axtarmalıdırlar. Bu gün gənclər başa düşməlidirlər ki, biz rəqabətyönümlü bir dünyada yaşayırıq. Əgər uğur qazana bilmirlərsə, problemi özlərində axtarmalıdırlar. Məsələn, neft quyusunda ixtisaslı fəhləyə ehtiyac var və əgər şirkət Azəbaycan gəncliyinə yox, başqa ölkədən olan gəncə üstünlük verirsə, gənc bunun səbəbini özündə axtarmalıdır. Azərbaycan gənci ən əsası düşünməlidir ki, mən hansı qabiliyyətə malikəm və yaxud nə edib cəmiyyətə faydalı ola bilərəm. Gənclər belə sualları özlərinə daha çox versələr, daha yaxşı olar. Oturub möcüzə gözləmək lazım deyil. Çünki, səbəb nəticə əlaqəli hadisələr möcüzələrdən daha çox baş verir.
- Emin bəy, bir qədər də gələcək planlarınızdan danışaq
- Gələcəklə bağlı xüsusi bir planım yoxdur. Artıq 9 aydır ki, sevdiyim bir fəaliyyət göstərirəm və məsuliyyətlə işləyib faydalı olmağa çalışıram. Gələcəyi görmək, onun haqqında fikir yürütmək çətindir. Çünki, baş verəcək dəyişikliklər adətən bizdən asılı olmur. Amma nə olursa olsun, əsas məqsədim ölkəm və xalqım üçün yararlı ola bilməkdir.
- Həyatın sizə verdiyi ən böyük dərs nədir?
- Həyat mənə müsbət mənada çox dərs verib. Həyatdan öyrəndiyim ən önəmli şey odur ki, insan həqiqətən özünə hədəf seçsə, ona çatmağa qadirdir. İnsan məqsədlərini müəyyən edib o məqsədlərə doğru dayanmadan irəliləməlidir. Ola bilər nəticə gec olur, ağrılı olur, asan olmur amma əsas odur ki, bütün ehtimallarda nəticə əldə edirsən. Hər bir gənc qarşısına məqsəd qoyub o məqsəd üçün yorulmadan, ruhdan düşmədən çalışırsa, ona mütləq çatır.
Aygün Əziz, Kaspi.az