Karantin yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası gözlənilir

ÖLKƏ
09:21 / 28.07.2020
4790

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.

“Karantin rejiminin yumşaldılmasına getməliyik”

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev də bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik:

“Amma istənilən halda nə qədər COVİD-19 dünya atmosferində dövran edir və yəqin ki, yaxın vaxtlarda da getməsi gözlənilmir, biz hamımız yeni qaydalarda-məsafənin gözlənilməsi, tibbi maskadan və davamlı olaraq dezinfeksiya vasitələrindən istifadə ilə yaşamağa öyrəşməliyik. Mütəxəssislərin bildirdiyinə görə, bu vasitələr yaxın 1-2 il ərzində bizim həyat tərzimizə çeviriləcək. Digər tərəfdən, səhiyyə maarifi işini həm özümüz öyrənməliyik, həm də yoldaşlarımıza, dostlarımıza öyrətməliyik. Hər hansı xəstə ilə yaxud xəstə yaxını ilə kontakta olduqda müayindən keçmək mütləqdir”. 

Rayonlara gediş-gəliş bərpa olunur?

Deputat qeyd edib ki, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir:

“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Amma təbii ki, bütün bunlara sanitar-epidemiolji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”.

M.Quliyev deyib ki, insanların kütləvi toplaşdığı tədbirlərlə bağlı qaydalar hazırlanacaq:

“İnsanların ən çox toplaşdığı toy, yas mərasimləri, idman tədbirləridir. Müəyyən qaydalar çərçivəsində bunları da həyata keçirmək lazımdır. İstənilən halda yaxın bir il ərzində koronavirusla yaşamağa öyrəşməliyik”.

Yarım illik məsafədən təhsil...

Parlamentarinin sözlərinə görə, təhsil müəssiələrində təhsilin bərpası ilə bağlı avqustun 15-dən sonra qərar veriləcək:

“Bu, virusun özünü necə aparmasından asılı olacaq. Bəzi ölkələr koronavirusa qalib gəldiklərini bəyan etsələr də, yenidən sərtləşdirməyə getməyə məcbur oldular. Ona görə də avqustun ikinci yarısından sonra təhsillə bağlı qərar açıqlanacaq. Amma güman edilir ki, məsafədən təhsilə üstünlük veriləcək. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər ki, yarım il ərzində təhsili məsafən həyata keçirək”.


““Vəziyyət pisləşir, yoluxacaqsınız” deməklə maarfləndirmə olmur”

Komitə sədri deyib ki, karantin rejimilə bağlı insanlarda sosial, iqtisadi, psixoloji gərginlik artıb:

“Bunlar hamısı realdır və gözardı etmək olmaz. Amma bu, bizim yaratdığımız, təkcə bizim içərisində olduğumuz problem də deyil. Bütün dünya bu virusla mübarizə aparır. İndiki məqamda psixoloji yardım xidməti fəal olmalıdır. Xüsusilə televiziyalar insanları maarifləndirməlidir.  Proseslərə çevik yanaşmalar sərgilənməlidir. Bəzən bir ay mütəmadi olaraq, televiziyalarda, saytlarda “vəziyyət pisləşir, yoluxacaqsınız və s.” məlumatlarla insanları qorxudurlar. 1 aydan sonra unudulur. Bu cür maarifləndirmə olmur. Maarifləndirmə mütəmadi olaraq, insanlara psixoloji basqı edilmədən aparılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən prosesə nəzarət olunmalıdır. Təkcə virusun yayılması, testlərin götürülməsi, müalicələrin aparılması deyil, həm də sosial-psixoloji aspektlər də Operativ Qərargah tərəfindən daha fəal və çevik idarə olunmalıdır”.

3