Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ

ÖLKƏ
21:45 / 28.07.2020
1356

Lənkəranın Havzava kəndində maraqlı hadisə baş verib.

Baku TV xəbər verir ki, qazdırdığı su quyusundan metan qazına oxşar maddə çıxan Xanəhməd Hüseynovun dediyinə görə, ailələri bir əsrə yaxındır burada yaşayır.

Ailə üzvləri təsərrüfatda işlətmək üçün əvvəllər də həyətyanı sahələrində su quyusu qazdırıblar, amma effektiv nəticə verməyib. Bir neçə gün əvvəl yenidən artezian quyusu qazdırmaq qərarına gəliblər. Quyudan az da olsa, su çıxıb. Dərinlik 26 metrə çatanda quyudan qabarcıq səsləri eşidilib.

62 yaşlı ev sahibi deyir ki, uzun illərdir kənddə artezian quyuları qazılır. Amma belə halla ilk dəfədir qarşılaşırlar. Bu yaranmış vəziyyətdən xeyirlərinə də istifadə etməyi bacarırlar, misal üçün, çaydanı məhz burada qaynatmaq elə də pis fikir deyil. Nə qədər əyləncəli tərəfi olsa da, quyunun bir addımlığında yaşayan ev sahibləri bir tərəfdən də narahatdırlar.

Məsələ ilə bağlı müvafiq qurumlara müraciət edilib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, birliyin mütəxəssisləri tərəfindən ərazidən keçən yeraltı qaz kəmərlərinə baxış keçirilib. Hər hansı sızma aşkarlanmayıb.

FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları da hadisə yerinə çağırılıb. Təhlükəsizlik məqsədilə quyunun ləğv edilərək, üstünün betonlanmasının vacibliyi bildirilib.

Ekspertlərin fikrincə, yerin təkindən çıxan maddənin tərkibini müəyyən etmək üçün müvafiq laborator analizlərin aparılmasına ehtiyac var.

0