Paşinyanın gizli brilyant biznesi - Sarkisyanın kürəkəni sensasion faktlar açıqladı

DÜNYA
13:52 / 16.05.2020
1581
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Baş nazir Nikol Paşinyanı qeyri-qanuni brilyant ticarəti ilə əlaqəli mafiya sistemi yaratmaqda ittiham edib.
 
Bu barədə Minasyan videomüraciətində bildirib.
 
O, Paşinyanın xalqı iki ildir aldatdığını, Ermənistanın bütün problemlərinin qüsurlu məhkəmə sisteminə və konkret olaraq Konstitusiya Məhkəməsinə görə meydana gəldiyinə inandırdığını deyib.
Keçmiş səfir Baş naziri oliqarxlarla gizli razılaşmada, qanunsuz bizneslə məşğul olmaqda və bu yolla pul qazanmaqda günahlandırıb. Minasyanın sözlərinə görə, insanlar tədricən Paşinyanın sözlərinin yalan olduğunu başa düşüblər:
 
"İnsanlar bu "teatrda" iştirak etməkdən imtina etdilər. Paşinyan artıq konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumda uduzacağını başa düşüb. Onun köməyinə əvvəlcə lağ etdiyi koronavirus gəldi. Əminəm ki, bilirsiniz, təkcə mənimlə deyil, başqaları ilə də razılaşmağa çalışdılar. "Nifrət edilən oliqarxlardan" konstruktiv və böyük iş adamlarına çevrilən insanlar var. Soyğunçu rejim üzvlərinin "parlaq inqilabçılara" necə çevrildiyini gördünüz".
 
Sarkisyanın kürəkəni əlavə edib ki, Hindistandan qeyri-qanuni yolla gətirilən brilyantlar 2-3 fabrikə göndərilir. Orada məhsullara "erməni istehsalı" adı qoyulur və heç bir gömrük ödəməsi olmadan xaricə çıxarılır.
 
Sabiq diplomatın fikrincə, 2020-ci ilin birinci rübündə Ermənistandan 20 milyard dram (40 milyon dollar) dəyərində brilyant ixrac edilib: "Bu miqdarda brilyantı emal etmək üçün orta hesabla 1400 mütəxəssis lazımdır. Ancaq Ermənistanda 400-dən artıq mütəxəssis qeydiyyata alınmır. Yəni erməni ustaları fiziki olaraq bu qədər miqdarda daş emal edə bilməzlər. Bütün sistem Paşinyan ailəsi tərəfindən yaradılıb və idarə olunur. Ermənistanın beynəlxalq tərəfdaşları artıq 3 ayda bu qədər brilyantın haradan gəldiyinə təəccüb etməyə başlayıblar".
Xatırladaq ki, Minasyana qeyri-qanuni yolla var-dövlət əldə etmək, çirkli pulların yuyulması, gəlir hesabatında saxta məlumatlar verməsi ilə bağlı cinayət işi açılıb. Məhkəmə Minasyanın həbsinə qərar verib, lakin o, hazırda Ermənistandan kənarda olduğu üçün barəsində axtarış elan edilib.
0
Azvision.az