Azərbaycanda turizm mövsümü nə vaxt başlayacaq?

18:50 / 16.05.2020
1716

Koronavirus pandemiyasından sonra turizmin özünə gəlməsi üçün vaxt lazım olacaq. Turizmin bərpası yeni kriteriyalarla və psixoloji fondda mümkün ola bilər.

Hit.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “REAL Tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda dünyada turizm sıfırlanıb və startı gözləyir: “XXI əsrdə turizm 3 dəfə böhran yaşayıb. Lakin sonuncu koronavirusun yaratdığı böhran görünməmiş oldu. Lakin hər böhrandan sonra turizm bərpa olunub və sıçrayışla irəli gedib. Hazırda krantin rejimində hazırlıq mərhələsindəyik. Hazırlıq mərhələsində həm daxili, həm xarici bazarda necə işləyəcəyimizi qurmuşuq. Xarici bazarlarda fəaliyyətimizi dayandırmamışıq, onlayn formatda işləyirik. Lakin ilk növbədə daxili turizm inkişaf etdirilməlidir, çünki yaxın vaxtlarda Azərbaycanda getmə və gəlmə turizmi olmayacaq”.

K.Quluzadə bildirib ki, “Macəra yaxındır” kampaniyası ilə insanlar ölkəmizdə istirahətlərini təşkil edə bilərlər və burada endirimli qiymətlər təklif olunacaq.
“Karantin bitdiyi günün səhərisindən Azərbaycanda yeni turizm mövzsümü başlayacaq. Karantin 31 mayda bitsə, iyunun 1-dən turizmə start verəcəyik. İnsanlarda səyahət etməyə həvəs var. Bu qədər evdə oturandan sonra insanlar həvəslə səyahətə çıxmağa hazır olacaq. Həmin insanların sağlamlığının qorunması vacibdir.

Bunun üçün xüsusi proqramlar hazırlanıb. Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Sanitation and hygiene methods and norms) ilə postkarantin dövrdə otellərdə, mehmanxanalarda, iaşə obyektlərində, nəqliyyat vasitələrində turistlərə necə xidmət edilməsi ilə bağlı xüsusi qruplar hazırlanacaq, treyninqlər keçiriləcək. Onlar qoruyucu vasitələrlə təmin ediləcək. Bu layihə könüllü olacaq. Layihəni Dünya Turizm Təşkilatına təqdim etmişik. Onlar bunu digər dövlətlərə tövsiyə ediblər”.

Aytən Zəhra
Azvision.az

0
Azvision.az