Necə sübut edə bilərsən ki, mən “fetöçu” deyiləm? - Aparıcı Mübariz Mənsimovdan danışdı

ÖLKƏ
14:51 / 16.05.2020
1422

“Mübariz Mənsimov yalnız bir bölgənin deyil, bütün Azərbaycanın qürur duyduğu insandır. Mən də onunla dostluğumdan, onun dünyada Azərbaycan və Türk düşüncəsi naminə gördüyü işlərdən qürur duyuram.”

Bunu Azərbaycanda məşhur televiziya layihələrinin aparıcısı Kamran Həsənli bildirib.

O deyib ki, Azərbaycanın varlı insanlar ənənəsi çox qısadır. “Sovet imperiyası Azərbaycanı işğal edəndən sonra bizim varlı insanlarımızın, yəni millətə əl tutan, millətin təhsilinə, onların yaşayışına kömək edən insanlarımızın arası kəsildi. Üstündən 90 ilə qədər vaxt keçəndən sonra Azərbaycan yenə düşüncəli, intellektual insan əldə etdi. Əslində, insan olmaq böyük bir intellekt və istedad tələb edir ki, bunlar da Mübarizdə var.”

Kamran Həsənli bildirib ki, Mübariz Mənsimov Azərbaycanın çox sadə bir ailəsindəndir və onun ata-babası da sadə insanlardı. “Onun anası – qəhrəman anadır. Bu, çoxuşaqlıailədir. Mübariz öz biliyi ilə, öz savadı ilə, öz düşüncəsi ilə, öz əqidəsi ilə və öz iradəsi ilə dost-qardaş Türkiyədə iş qurmuş azərbaycanlıdır. Üstəlik, Mübarizin həbsi Azərbaycanla Türkiyənin arasını vurmaq istəyən bəzi qruplar üçün bir fürsətə çevrilib. Mən belə insanlara səslənirəm və deyirəm ki, belə hallara yol verməyin. Bu işdə nə Türkiyə dövlətinin, nə Azərbaycan dövlətinin əli var.”

Mübariz Mənsimova qarşı irəli sürülən ittihamları uydurma adlandıran Kamran Həsənli vurğulayıb ki, “fetöçu” ittihamı keçmiş sovet dövründə Stalinin ortaya atdığı “trotskiçi” ittihamı eyni mahiyyət kəsb edir.

“Vəkillər başqa ittihamlara cavab verə bilər, faktlar və əks-arqumentlər irəli sürə bilərlər. Amma sənə “trotskiçi” deyəndə, “fetöçu” deyəndə buna necə cavab verəcəksən? Bu, bir şəryaxmaya bənzər bir şeydir. Vaxti ilə insanlara “trotskiçi” damğası vururdular, halbuki Trotskinin o insanlardan heç xəbəri yox idi, onları heç tanımırdı.”

Mübariz Mənsimovun Fətullah Gülənlə tanışlığının olması iddiasını böyük sual altında qoyan teleaparıcı daha sonra bunları deyib: “Yaşlı bir adamdır (Fətullah Gülən – red.). Yəqin, onu heç tanımır da. Amma onunla münasibətə qalarsa, hansısa bir telefon danışığına qalarsa, məncə Türkiyənin bütün siyasi isteblişmentinin o adamla tanışlığı da var, iş birlikləri də olub, birlikdə şəkilləri də var, videoları da var. Ona görə bu, ittiham ola bilməz. Bu ittiham çox çətin ittihamdır. Sən necə sübut edə bilərsən ki, mən “fetöçu” deyiləm? Ümumiyyətlə, “fetöçu” nədir, nə ittihamdır? “FETÖ” Trotskinin prototipidir. Üstəlik, Türkiyənin bir çox önəmli insanlarına, hətta qatil Öcalanı Keniyadan Türkiyəyə gətirən generala da bu ittiham verilmişdi. Amma sonda biz Türkiyə ədalətinə inanırıq, çünki həmin o adamlar, həmin o hərbçilər, həmin o jurnalitlər, siyasilər bəraət qazandı. Düzdü, həyatlarının önəmli hissəsi zindanda keçdi və bunun əvəzini kimin ödəyəcəyi də hələ məlum deyil. Mübariz qardaşımızın da həyatının çox önəmli bir dövrüdür. Həbsxanada keçir bu dövr. Bu bizə çox böyük ağrı verir. Biz istərdik ki, yalnız advokatlar yox, ədaləti sevən bütün insanlar bu işdə bizimlə birlikdə Mübariz uğrunda mübarizə aparsınlar.”

 

0