Ermənilərin Tovuz təxribatının pərdəarxası məqamları - VİDEO

ÖLKƏ
15:54 / 29.07.2020
1564

Ermənistan silahlı qüvvələrinin 12-14 iyul Tovuz rayonu istiqamətindəki təxribatının bir sıra siyasi səbəbləri vardı.

Təxribat üçün məhz Tovuz rayonunun seçilməsi də, təbii ki, təsadüfi deyildi. Tovuz Azərbaycanın çoxsaylı strateji enerji və nəqliyyat xətlərinin keçdiyi mühüm nəqliyyat dəhlizlərindən biridir. Tovuz təxribatı təbii qaz və neft boru kəmərləri, digər strateji iqtisadi infrastrukturları, Avropanın enerji təhlükəsizliyini təhdid etmək məqsədi güdürdü.

Ermənistanın kənarda qaldığı regional enerji və infrastruktur layihələrinə zərbə vurmaq niyyəti isə boşa çıxdı. Bəs Tovuz rayonundan hansı mühüm nəqliyyat və enerji dəhlizləri keçir? Bakı Tbilisi Qars dəmir yolu –  Avropanı Asiya ilə, Azərbaycanı Türkiyə ilə birləşdirən Dəmir İpək yolu. Ermənistandan kənar keçdiyinə görə ABŞ və Avropa Birliyi layihəni  maliyyələşdirmədən imtina etmişdi.

Lakin dəmir yolunun tikilişi 3 ölkənin imkanlarıyla reallaşaraq 2017-ci ildə istifadəyə verildi. İndi Şərq-Qərb dəhlizi vasitəsilə Azərbaycan böyük gəlirlər əldə etməklə bərabər, beynəlxalq əməkdaşlığını da genişləndirməkdədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri – 21-ci əsrin ən böyük enerji layihəsi Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən enerji dəhlizi Azərbaycan neftinin beynəlxalq bazarlara nəqlini həyata keçirir.

Bu layihə ilə Azərbaycanın tranzit potensialı da dəfələrlə artdı. İndi Xəzəryanı ölkələrin – Türkmənistan, Qazaxıstan və Rusiyanın nefti bu boru kəməri vasitəsilə dünya bazarlarına nəql olunur.

"Cənub Qaz Dəhlizi" – Xəzər dənizindən Avropaya qaz ixrac etməklə enerji təhlükəsizliyini artıracaq nəhəng layihə Layihə Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya qaz ixracını planlaşdırıb.

“Cənub Qaz Dəhlizi”nin başlanğıc hissəsi olan Cənubi Qafqaz boru kəmərləri Tovuz rayonundan keçir.

Transanadolu qaz boru xətti (TANAP) ilə Azərbaycandan Türkiyəyə artıq ildə 6 milyard kubmetr qaz ixrac olunur. Bu il ərzində TANAP Transadriatik boru xəttinə (TAP) birləşdiriləcək və bununla, ixrac həcmi illik 10 milyard kubmetrə çatdırılacaq. Bütün bunlar əsas verir ki, Ermənistanın Azərbaycan sərhəddində törətdiyi təxribat beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olsun. Ermənistanın işğal siyasəti təkcə Azərbaycana yox, Avropanın enerji təhlükəsizliyini də təhlükə törədir.

 

0
Modern.az