DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirildi - FOTO

SİYASƏT
21:24 / 29.07.2020
973

28 iyul 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd ediblər.


Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əmin­lik ifadə edilib.


Tədbirdə Azərbaycan Respubli­kasının­ Silahlı Qüv­vələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısının qəhrəmancasına alındığı, düşmənə sarsıdıcı zərbələr endirilərək məğlubiyyətə uğradıldığı xüsusi vurğulanıb.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

 

0