İstanbulda yenidən Azərbaycana dəstək mitinqi keçirildi - FOTO

SİYASƏT
09:08 / 30.07.2020
1425

“Beynəlxalq hüququn növbəti tələblərini pozaraq Azərbaycana qarşı təxribatlar törədən Ermənistana qarşı dünyadakı bütün soydaşlarımız hiddətlənərək ayağa qalxıb. Bir azərbaycanlının dırnağına daş dəyərsə, bizim Türkiyədə qəlbimiz sızlayır. Ona görə də buradayıq”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbulun Küçükçekmece bölgəsində işğalçı Ermənistanı qınamaq məqsədilə keçirilən tədbirdə bu fikirlər səsləndirilib.

İstanbulda fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin dəstəyilə keçirilən aksiyada məktəbin direktoru Muhammed Karasu tədbir iştirakçıları adından bəyanat səsləndirərək Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatlar törətməsi, iyulun 14-də bu təxribatlar nəticəsində Azərbaycan ordusunun general-mayoru da daxil olmaqla 12 hərbçinin şəhid olması haqqında, qarşı tərəfin bu xain hücumlarının yetərincə cavablandırılması barədə aksiya iştirakçılarına məlumat verib.

“İşğlaçı Ermənistan və zəhərli daşnak düşüncə daşıyıcıları bilməlidir ki, Türkiyənın İğdır, Qars, Ərdahan kimi bölgələrində Türkiyə vətəndaşı olan Ermənistanın əhalisindən də çox Azərbaycan türkləri yaşayır. Onlarla bərabər Türkiyənin 80 milyon vətəndaşının da qəlbi Azərbaycanladır”, - deyə M.Karasu bildirib.

Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım çıxış edərək bildirib ki, bu gün Türkiyə bütün imkanlarıyla - gücü, silahları, ordusu, gənci və yaşlısı ilə Azərbaycanın yanındadır.

Aksiya iştirakçıları beynəlxalq təşkilatların işğalçı Ermənistana loyal münasibətlərini qınayıblar.

Tədbirdə Azərbaycana dəstək məqsədli şüarlar səsləndirilib.

0