Azərbaycan istehsalı ilk “ağıllı” məhsullar İsmayıllıda - İlham Əliyev istifadə etdi (FOTO)

ÖLKƏ
12:31 / 30.07.2020
1993

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti  “RD SMART” MMC-nin hazırladığı "Ağıllı şəhər" ("Smart city") komponentləri - avtobus dayanacağı,  smart oturacaqlar və işıqlandırma dirəklərinin ilk nümunələri İsmayıllı rayonunun mərkəzində yerləşdirilib. Ötən gün rayona səfər edən Prezident İlham Əliyev ağıllı avtobus dayanacağı ilə tanış olub.

HİT.Az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, "RD Smart" İnnovasiyalar Agentliyinin 14 nömrəli qərarı ilə yeni rezident kimi qeydiyyata alınıb: "Hazırda şirkət 7 növ texnoloji məhsulun: Azərbaycan alimlərinin ixtirası olan “BİOSANİS” dezinfeksiya məhlulu ilə işləyən dezinfeksiya keçidləri, külək və günəş enerjisi ilə çalışan işıqlandırma dirəkləri, ağıllı avtobus dayanacaqları, vay-fay və telefon şarjı ilə təchiz olunan solar oturacaqların istehsalı ilə məşğuldur. Qurum  Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq olan zavodda 25 növ ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal etməyi planlaşdırır. İlk məhsullar artıq İsmayıllı rayonunda quraşdırılır.

Günəş enerjisi ilə işləyən “Smart dayanacaq” hər 10 dəqiqədən bir 10 saniyə ərzində Azərbaycan alimlərinin ixtirası olan spirtsiz, xlorsuz və insan orqanizminə zərər yetirməyən “BİOSANİS” dezinfeksiya məhlulunu havaya püskürdərək dayanacaqda gözləyən sərnişinləri virusa yoluxmaqdan qoruyur. Bundan əlavə dayanacaqda əl üçün dezinfeksiya dispenseri də yerləşdirilib. Dayanacaq həmçinin pulsuz vay-fay, mobil cihazlar üçün 4 şarj yeri, USB port, 2 təhlükəsizlik kamerası və su satan vendinq aparatı ilə təchiz olunub. Sərnişinlərin rahatlığı üçün avtobusların hərəkət qrafiki isə xüsusi paneldə əks olunacaq. Ağıllı avtobus dayanacağının bütün enerji tələbatı solar panellər vasitəsi ilə təmin olunur. Rayon parkında yerləşdirilmiş solar panellər vasitəsilə işləyən daha iki növ ağıllı oturacaq pulsuz vay-fay, mobil cihazlar üçün şarj və USB portla təmin olunub.

Nə üçün şəhərdə deyil, məhz rayonda?! Çünki məqsəd – rayon büdcələrinə qənaət etməklə əhaliyə xidmət göstərən sahələri müasir texnologiyalara uyğunlaşdırmaqdır. Belə ki,  şirkət tərəfindən istehsal edilən yeni günəş və külək enerjisi ilə işləyən işıq dirəklərinin quraşdırılması ənənəvi elektrik kabelləri ilə çəkilmiş işıq dirəkləri ilə müqaisədə vəsaitə 95% qənaət etmək imkanı verir. Həmçinin, aylıq elektrik ödəmələrinə vəsait xərclənməyərək də qənaət əldə edilir. Çünki işıqlandırma dirəkləri 100% günəş enerjisi ilə işləyir.

Qeyd etmək lazımdır ki, “RD SMART” MMC tərəfindən istehsal olunan “Ağıllı Şəhər”, yeni texnoloji məhsullar “Smart Şəbəkə”sinə inteqrasiya olunmağa tam hazırdır.

Ucqar kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, rayon mərkəzlərində quraşdırılan və işləyən işıqlandırma dirəkləri, işıqforlar, oturacaqlar, dayanacaqlar, elektrik avtobuslar və lazım olan digər qurğular vahid “Smart Şəbəkə” sistemi təşkil  edərək asanlıqla idarə ediləcəklər. 

İdarəetmə mərkəzində quraşdırılmış monitorlar vasitəsilə operator canlı olaraq sistemdə işləyən qurğuların, avadanlıqların, avtobusların vəziyyətini izləyə biləcək. Hər hansı texniki nasazlıq monitorda əks olunarsa, servis xidməti dərhal müdaxilə edəcək.

0