Koronavirus insanları aqressivləşdirir - Nə etməli?

ÖLKƏ
19:50 / 30.07.2020
1132

"Koronavirusla bağlı yayılan xəbərlər və bundan yaranan qorxu insanları aqressivləşdirir"

HİT.Az xəbər verir ki, bu sözləri  "MediaPost"a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı deyib.

O, virusun insanların psixologiyasına necə təsir etməsinə münasibət bildirib: "Cəmiyyətdə aqressiya hər zaman olub, lakin baş verənlərlə əlaqədar olaraq daha da artıb, çünki insanların böyük əksəriyyəti işləmir, maddi durumları aşağı düşüb, hərəkət məhdudiyyəti, koronavirusla bağlı yayılan xəbərlər və bundan yaranan qorxu onları daha da aqressivləşdirir. İnsanların psixoloji durumunda bir xaos yaşanır. Biz hələ bununla bağlı yaranan vəziyyəti pandemiya bitdikdən sonra daha aydın görə biləcəyik. Bir məsələ də var ki, insanlar evdə olduqları dönəmdə nə edə biləcəkləri ilə bağlı məlumat görəndə daha da qəzəblənirlər. Çünki yetəri qədər evdə olublar və nə etmək lazımdırsa, hamısını ediblər. İndi artıq boş yerə evdə oturduqlarını düşünürlər. Lakin bilmək lazımdır ki, bu, insanların sağlamlığı üçün görülən tədbirlərdir".

Psixoloq karantin zamanı insanların sıxılmaması və vaxtlarını daha səmərəli keçirməsi üçün məsləhətlər verib: "Evdə qalan insanlar ilk olaraq ailələri ilə maraqlanmalıdır. Evdə olmağın ən yaxşı tərəfi insanların sevdiklərinə daha çox vaxt ayırmasıdır. İkinci olaraq özləri üçün fərdi inkişaf proqramı hazırlaya bilərlər. Yəni insanlar özünə də vaxt ayırmalıdır. Bəzən işə o qədər vaxtımız gedir ki, biz başqa nəyi bacarırıq, bacara bilərik deyə düşünmürük. Bu zaman kəsiyində insanlar bunu kəşf edə bilərlər. Üçüncü olaraq, mütaliə etmək lazımdır, yeni nələrsə öyrənmək, övladlarınızla öyrəndikləriniz barəsində müzakirələr etmək çox yaxşı olardı. İdman zalları açıq olmasa da, evdə yüngül idman hərəkətləri etmək olar. Çünki evdə çox fəaliyyətsiz qalmaq sağlamlığa da zərərdir. Sonradan başqa sağlıqla bağlı problemlər yarana bilər. Evdə qaldığımız zaman bizim köməyimizə texnologiyalar gəlir. "Googe", "Youtube" kimi platformalarda informativ məlumatlar çoxdur. Öz işimizlə və ya maraqlandığımız sahə ilə bağlı çoxlu məlumatlar, filmlər var. Bir az da bu kimi şeylərə zaman ayırmaq olar. Anlamaq lazımdır ki, nə qədər evdə qalıb neqativ şeylər düşünsələr, bu onların sağlamlığına və ruh halına bir o qədər zərər verər".

0